ABŞ Dövlət katibinin Cənubi və Mərkəzi Asiya ölkələri üzrə köməkçisi Robert Bleyk Qırğızıstana səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirmişdir
19 yanvar, 2013 12:34
ABŞ Dövlət katibinin Cənubi və Mərkəzi Asiya ölkələri üzrə köməkçisi Robert Bleyk Qırğızıstana səfərinin yekunları ilə bağlı Bişkekdə mətbuat konfransı keçirmişdir.
Robert Bleyk demişdir ki, səfər müddətində Qırğızıstan Prezidenti, Baş naziri və digər rəsmi şəxslərlə görüşlər keçirilmiş, danışıqlar zamanı Əfqanıstanda vəziyyət, 2014-cü ildən sonra Əfqanıstandan ABŞ hərbçilərinin çıxarılması, “Manas” aeroportunda məskunlaşmış Tranzit Daşımaları Mərkəzinin (TDM) fəaliyyəti və digər məsələlər diqqət mərkəzində olmuşdur.
Robert Bleyk bildirmişdir ki, Qırğızıstanda keçirilən danışıqların nəticələrindən asılı olmayaraq, ABŞ “Manas” aeroportundakı TDM-in fəaliyyətinə görə Qırğızıstana minnətdardır və bu qurum Əfqanıstanda sülh və sabitliyin bərpası üçün çox mühüm loqistika mərkəzidir.
Onun sözlərinə görə, bu yaxınlarda Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama Əfqanıstan Prezidenti Həmid Kərzai ilə görüşmüşdür. Əfqanıstandan ABŞ hərbçiləri çıxandan sonra bu ölkədə nə qədər əsgər qalmalıdır? İndi bu məsələ ilə bağlı saziş layihəsi üzərində iş gedir. Sənəd imzalandıqdan sonra məlum olacaqdır ki, qoşunların çıxarılması üçün bizə hansı obyektlər lazımdır.
R.Bleyk qeyd etmişdir ki, ABŞ 1992-ci ildən bəri Qırğızıstana 1,3 milyard dollar həcmində yardım etmişdir. TDM ilə əlaqədar verilən vəsait buraya aid deyildir. Təkcə ötən il bu mərkəzin icarə haqqı kimi Qırğızıstana 200 milyon dollar vəsait ödənilmişdir.
Qırğızıstan Prezidenti Almazbek Atambayevin R.Bleyklə görüşündə demişdir ki, “Manas” Beynəlxalq aeroportunda məskunlaşmış TDM ilə əlaqədar Qırğızıstan və ABŞ hökumətləri arasında imzalanmış Sazişin müddəti 2014-cü ildə başa çatır və bu müddətdən sonra “Manas” aeroportu tam mülki hava limanına çevrilməlidir.