“Azərikimya” İstehsalat Birliyində 20 Yanvar faciəsi ilə bağlı anma mərasimi keçirilmişdir
19 yanvar, 2013 00:32
Birlikdən bildirmişlər ki, Sumqayıt şəhərinin müəssisə, idarə və təşkilatlarının, mədəniyyət və təhsil ocaqları nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra tədbir iştirakçıları xalqımızın azadlıq, istiqlal mübarizəsinin qarşısını hər cəhdlə almağa çalışan sovet imperiyasının Bakıda və respublikamızın digər şəhər və rayonlarında törətdikləri amansız qırğınlardan, Kreml rəhbərliyinin Azərbaycana qarşı ədalətsiz, ermənipərəst siyasətindən söhbət açmışlar.
Tədbirdə Sumqayıt hadisələri, 20 Yanvar faciəsi və Xocalı soyqırımının tədqiqatçısı, həmin hadisələrlə bağlı 3 tammetrajlı və sənədli filmlərin ssenari müəllifi, respublikanın Əməkdar Jurnalisti Eyruz Məmmədov, Sumqayıt Dövlət Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru Ramazan Məmmədov və 18 nömrəli Sumqayıt şəhər orta məktəbinin direktoru, Milli Məclisin deputatı Leyla Abdullayeva Azərbaycan tarixinin ayrı-ayrı dövründə rus imperiyasının ölkəmizə qarşı apardığı işğalçılıq siyasəti və onun ağır nəticələri haqqında danışmışlar.
“Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev 1990-cı il yanvarın 20-də doğma Vətənin müdafiəsinə qalxmış, haqsızlığa və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış xalqımızın azadlıq mübarizəsinin qələbəsində, ölkəmizin bugünkü sürətli sosial-iqtisadi inkişafında ulu öndər Heydər Əliyevin xidmətlərindən söhbət açmışdır.
Mərasimdə “Sumqayıtın əks-sədası” filmindən kadrlar, o cümlədən 20 Yanvar faciəsindən bəhs edən süjetlər nümayiş olunmuşdur.