Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin Qara Yanvar faciəsinin ildönümü ilə əlaqədar yazdığı məqalə ABŞ-ın 100-dən çox kütləvi informasiya vasitəsində dərc edilmişdir. Bunların sırasında, xüsusilə CNBC, NBC-5-Seattle, Northwest Cable News və WFMZ-TV kimi telekanalları, Reuters xəbər agentliyini və YahooNews xəbər portalını, Boston Globe, Sacramento Bee, El Paso Times, California Chronicle və The Herald kimi qəzetləri qeyd etmək olar. “Qara Yanvar: Azərbaycanın azadlığa gedən yolu” sərlövhəli məqalədə 23 il öncə baş vermiş qanlı 20 Yanvar hadisələrinin tarixi əks olunaraq, həmin qırğın zamanı keçmiş sovet qoşunları tərəfindən böyük sayda günahsız insanın amansızcasına qətlə yetirildiyi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin faciədən dərhal sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək qətliamı kəskin şəkildə pisləməsi vurğulanır və bunun Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsini daha da ilhamlandırdığı bildirilir. Bu qəddarlığı həyata keçirən sovet rejiminin Azərbaycan xalqının azadlıq arzularını boğmaq niyyətində olduğunu bildirən müəllif qanlı rejimin öz məqsədinə çata bilməyərək, tam iflasa uğramasını vurğulayır. Müstəqilliyinin bərpasından keçən dövr ərzində Azərbaycanın sürətlə inkişaf etdiyini, siyasi və iqtisadi mövqelərinin həm regional, həm də qlobal səviyyədə möhkəmləndiyini qeyd edən baş konsul ölkəmizin müstəqilliyinin güclü və dönməz olduğunu diqqətə çatdırır.