Qarabağ müharibəsi əlilinin “Asiman” adlı fərdi rəsm sərgisi keçirilmişdir
19 yanvar, 2013 00:10
Yanvarın 18-də “Art Villa” qalereyasında “Arts Council Azerbaijan” (“Azərbaycan İncəsənət Konsulluğu”) qeyri-hökumət təşkilatı Sumqayıt nümayəndəliyinin rəhbəri, Azərbaycan Rəssamlar İttifaqının üzvü, ikinci qrup Qarabağ müharibəsi əlili, istedadlı rəssam İntiqam Ağayevin “Asiman” adlı fərdi sərgisi keçirilmişdir.
sərgidə rəssam İntiqam Ağayevin müharibə mövzusunda çəkdiyi əsərlər üstünlük təşkil edir. Yaradıcılığında bu mövzuya üstünlük verilməsini rəssam belə izah edir: “1992–ci ilin fevral ayında könüllü cəbhəyə yollandım. Bununla da fırçamı silah əvəz etdi. 777 saylı xüsusi təyinatlı taborun tərkibində Şuşa, Ağdam, Tərtər, Füzuli bölgələrindəki döyüşlərdə iştirak etdim. Tərtərin Yarımca kəndi uğrunda gedən döyüşlərdə yaralandıqdan sonra 1998-ci ildə isə ikinci qrup əlil kimi ordudan tərxis olundum. Ona görə də bu mövzu mənim üçün doğma, həmişə aktualdır”.
Sərgidə rəssamın rəngkarlıq üslubunda işlədiyi 20 əsər nümayiş etdirilmişdir.