Maliyyə Nazirliyində 20 Yanvar faciəsinin 23-ci ildönümünə həsr olunmuş mərasim keçirilmişdir
18 yanvar, 2013 23:53
Yanvarın 18-də Maliyyə Nazirliyində 20 Yanvar hadisələrinin 23-cü ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, tədbirdə nazirliyin aparatının rəhbəri Namiq Süleymanov 20 Yanvar qətliamının tarixi barədə danışmış, bu günün Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu demişdir. O qeyd etmişdir ki, keçmiş sovet dövlətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi bu qətliam insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.
Mərasimdə çıxış edənlər Azərbaycanın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin hər zaman uca tutulacığını bir daha qeyd etmişlər.
Qeyd olunmuşdur ki, o vaxt bu hadisələrə ümummilli liderimiz Heydər Əliyev sərt münasibət bildirmiş, ölkəmizin haqq səsini ilk dəfə dünyaya çatdırmışdır. Məhz ümummilli liderimizin qətiyyəti və müdrikliyi sayəsində 20 Yanvar hadisələrinə əsl siyasi qiymət verilmişdir.
Anım mərasimində 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.