Qırğızıstanda 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilmişdir
18 yanvar, 2013 23:42
20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar yanvarın 18-də Azərbaycanın Qırğız Respublikasındakı səfirliyi tərəfindən hazırlanmış xüsusi press-reliz bu ölkənin Xarici İşlər Nazirliyinə, burada akkreditə olunmuş diplomatik korpusa, dövlət qurumlarına, nüfuzlu KİV-lərə göndərilmişdir.
Həmçinin səfirlik Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu və “Qırğızıstandakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzi” İctimai Birliyi ilə birlikdə 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş anma mərasimi keçirmişdir.
Səfirlikdən bildirmişlər ki, tədbirdə Qırğızıstanda yaşayan soydaşlarımız, Azərbaycan diasporunun fəalları, iş adamları iştirak etmişlər.
Səfirliyin inzibati binasında təşkil olunan tədbirdə əvvəlcə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra müşavir İlqar Cabarov 20 Yanvar faciəsi haqda iştirakçılara ətraflı məlumat vermişdir. Qeyd edilmişdir ki, insan hüquqlarına dair beynəlxalq hüquqi sənədlərin müddəalarının kobud şəkildə pozulduğu bu dəhşətli cinayətə təəssüf ki, hələ də beynəlxalq hüquqi qiymət verilməmişdir.
Çıxış edənlər - Nüsrət Məmmədov, Cəbi Rəsulov, Çingiz Mustafayev, Xaliq İsgəndərov, Ziyəddin Hüseynov, Süleyman Rzayev, Osman Səfərov, Yusif Məmmədhəsənov və digərləri 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Azərbaycan xalqına qarşı törətdiyi bu amansız faciəni pisləmişlər. Natiqlər bu qanlı cinayəti törətmiş şəxslərin hələ də layiqli cəzalarını almadıqlarını vurğulamışlar.
Tədbirdə “Qanlı Yanvara aparan yol” sənədli filmi nümayiş etdirilmişdir.
Mərasim iştirakçıları faciə ilə bağlı fotolardan və kitablardan ibarət səfirlik tərəfindən hazırlanmış sərgiyə baxmışlar.
Sonda şəhidlərimizin ruhuna dualar oxunmuş və ehsan verilmişdir.