Türkiyə Ali Təhsil Şurası sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Təhsil Nazirliyində olmuşdur
18 yanvar, 2013 20:55
Azərbaycanda səfərdə olan Türkiyə Ali Təhsil Şurasının (Yüksək Öyrətim Kurulu) sədri Gökhan Çetinsayanın rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 18-də Təhsil Nazirliyində olmuşdur.
Nazirlikdən bildirmişlər ki, görüşdə Azərbaycan ilə Türkiyənin mehriban qardaşlıq münasibətlərindən danışan nazir Misir Mərdanov təhsil sahəsində inkişaf edən əlaqələrimizin əhəmiyyətini vurğulamışdır.
Azərbaycanın təhsil sistemi barədə məlumat verən nazir ölkəmizin dünya təhsilinə inteqrasiya sahəsində uğurlu addımlar atdığını bildirmişdir. Hazırda Türkiyə ali məktəblərində 4 mindən çox azərbaycanlı gəncin oxuduğunu xatırladan M. Mərdanov ölkələrimiz arasında tələbə mübadiləsinin genişləndirilməsi üçün hərtərəfli imkanların olduğunu söyləmişdir.
Görüşdən məmnun qaldığını deyən Gökhan Çetinsaya Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsi üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi, tələbə mübadiləsinin aparılması haqqında fikirlərini bildirmişdir.
Qonaq, eyni zamanda, təhsil sahəsində əlaqələrimizin müasir tələblər səviyyəsində qurulması istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırmışdır.
Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Milli Məclisin elm və təhsil komitəsinin sədri, professor Şəmsəddin Hacıyev, Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Gülçöhrə Məmmədova, Türkiyənin Ərdahan Universitetinin rektoru, professor Ramazan Qorxmaz, Ərzurum Atatürk Universitetinin rektoru, professor Hikmət Koçak universitetlərarası əlaqələrin inkişaf perspektivlərindən bəhs etmişlər.
M. Mərdanov ölkələrimiz arasında təhsil sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsi üçün qarşıda duran vəzifələrdən də danışmışdır.