Yevlaxda “20 Yanvar qətliamı qan yaddaşımızda” devizi altında silsilə tədbirlər keçirilir
18 yanvar, 2013 20:29
Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının təşkilatçılığı ilə “20 Yanvar qətliamı qan yaddaşımızda” devizi altında silsilə tədbirlərə başlamışdır.
yanvarın 18-də rayon gəncləri Yevlax şəhərindəki Şəhidlər xiyabanına gələrək abidə kompleksi və şəhidlərin məzarları üzərinə çiçək dəstələri düzmüş, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirələrinə ehtiramlarını bildirmişlər.
Burada keçirilən mərasimdə çıxış edən YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev tariximizin ən faciəli səhifələrdən olan 20 Yanvarı Azərbaycan xalqının mübarizlik, qəhrəmanlıq günü kimi qiymətləndirmişdir. Bildirmişdir ki, həmin gün xalqımız hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, özünün Vətənə, torpağa sədaqətini, qəhrəmanlığını, azadlıq, müstəqillik uğrunda mübarizliyini bütün dünyaya nümayiş etdirmişdir.
Sonra gənclər qruplara ayrılaraq şəhər 2, 5, 7 və 8 nömrəli orta məktəblərdə şagirdlərlə görüş keçirmişlər. Şagirdlər qarşısında çıxış edən gənc ziyalılar Azərbaycan tarixinin azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifələrindən olan 20 Yanvar faciəsindən, sovet ordusunun günahsız insanları gülləbaran etməsindən, qəhrəman oğul və qızlarımızın Vətənin azadlığını öz canlarından üstün tutmalarından, xalqın azadlıq ruhunu boğmağa çalışan imperiyanın öz məqsədinə nail ola bilməməsindən danışmışlar. Qanlı hadisəyə siyasi-hüquqi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edilmişdir.
Şagirdlərə 20 Yanvar faciəsinə həsr olunmuş bukletlər paylanılmış və film nümayiş etdirilmişdir.
Növbəti günlərdə digər məktəblərdə də şagirdlərlə görüşlər keçiriləcəkdir.