20 Yanvar şəhidlərinin fədakarlığı gələcək nəsillər üçün qəhrəmanlıq örnəyidir
18 yanvar, 2013 17:00
“Azərsu” Açıq Səhmdar Cəmiyyətində (ASC) 20 Yanvar - Ümumxalq Hüzn günü münasibəti ilə anma mərasimi keçirilmişdir.
ASC-nin mətbuat xidmətindən bildirmişlər ki, mərasim iştirakçıları əvvəlcə faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Anma mərasimində çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov 23 il əvvəl baş vermiş hadisənin Azərbaycan xalqının azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu bildirmişdir. Səhmdar Cəmiyyətin sədri qeyd etmişdir ki, 1988-ci ildən başlayaraq Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin ermənilərə havadarlığından hiddətlənən Azərbaycan xalqı Bakının küçə və meydanlarına çıxaraq baş verən proseslərə qəti etirazını bildirmişdir. SSRİ rəhbərliyinin ermənipərəst siyasətinə qarşı etirazlar böyüyərək bütün respublikanı əhatə etmişdir. Xalqın mübarizə əzmini qırmaq istəyən SSRİ rəhbərliyinin göstərişi ilə 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın paytaxtına və böyük şəhərlərinə xüsusi təyinatlı qoşunlar yeridilmiş və dinc xalqa qarşı qırğınlar törədilmişdir. Nəticədə 147 nəfər qətlə yetirilmiş, yüzlərlə adam yaralanmışdır.
Q.Hüseynov bildirmişdir ki, həmin illərdə Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında yaradılan informasiya blokadasına baxmayaraq, ən çətin günlərdə də xalqla bir yerdə olan ümummilli lider Heydər Əliyev 20 Yanvar faciəsi ilə bağlı cəsarətli mövqe nümayiş etdirmişdir. Ulu öndər 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, xarici jurnalistlər qarşısında çıxış etmiş, imperiya siyasətini, M.Qorbaçovun xalqımıza düşmən siyasətini qətiyyətlə ifşa etmişdir. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymətin verilməsi məsələsi yenidən gündəmə gəlmişdir. Milli Məclis tərəfindən isə 1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edilmişdir.
Qanlı Yanvar faciəsi qurbanlarının əziz xatirəsini həmişə uca tutan ümummilli liderimiz onların adlarının əbədiləşdirilməsi, şəhidlərin ailə üzvlərinə maddi və mənəvi qayğı göstərilməsinə daim diqqətlə yanaşmışdır. Bu humanist siyasət bu gün ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də davam etdirilir.
Tədbirdə su təsərrüfatında çalışmış Cəbrayıl Xanməmmədovun faciə günü həlak olması, su təsərrüfatı işçilərindən Xariz Alimov, İvan Proxorov, Mirzə Qəniyev, Kamil Həzrətquliyev və Təranə İmanovanın yaralandığı xatırlanmış, 20 Yanvar şəhidlərinin fədakarlığının gələcək nəsillər üçün qəhrəmanlıq örnəyi olduğu qeyd edilmişdir.
Tarixçi alim Vəkil Həsənov qanlı hadisələrlə bağlı geniş çıxış edərək bildirmişdir ki, 1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.
Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin sədri Akif Məmmədov, 20 Yanvar şəhidi Cəbrayıl Xanməmmədovun həyat yoldaşı Şövkət Xanməmmədova çıxış edərək, şəhidlərimizin fədakarlığının gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi olduğunu bildirmişlər.