Qəbələdəki “N” saylı hərbi hissədə 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilmişdir
17 yanvar, 2013 20:39
Qəbələ Rayon Gənclər və İdman İdarəsi 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər həyata keçirir.
belə tədbirlərdən biri də FHN-in Qəbələ rayonundakı “N” saylı hərbi hissəsində keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə hərbi hissədə 20 Yanvar faciəsi şəhidlərinin xatirəsinə həsr edilmiş fotosərgiyə baxmışlar.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Hərbi hissənin şəxsi heyətinin iştirak etdiyi tədbirdə hərbi hissə komandirinin müavini İlham Əliyev, gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov 20 Yanvar faciəsinin səbəbləri haqqında məlumat vermişlər. Həmin günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan ümummilli lider Heydər Əliyevin Moskvadakı Azərbaycan Nümayəndəliyinə gələrək baş vermiş qanlı olaya etirazını bildirməsi xüsusi qeyd edilmişdir. Bildirilmişdir ki, 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət məhz ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra verilmişdir.
Tədbirdə çıxış edən rayon ziyalıları Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanların tarixə qəhrəmanlıq salnaməsi yazdıqlarını və onların xatirəsinin yaddaşlardan heç vaxt silinməyəcəyini bildirmişlər.
Tədbir Qəbələ şəhər 4 saylı tam orta məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam etdirilmişdir.
Mərasimdə hərbi hissənin əsgərləri 20 Yanvar faciəsinə həsr edilmiş şeirlər söyləmişlər.
Tədbirin sonunda 20 Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş olunmuşdur.