Küveytdə Qanlı Yanvar faciəsinin 23-cü ildönümü ilə bağlı silsilə tədbirlər keçiriləcəkdir
17 yanvar, 2013 20:05
Qanlı Yanvar faciəsinin 23-cü ildönümü ilə bağlı Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyi tərəfindən silsilə tədbirlər keçiriləcəkdir.
Səfirlikdən bildirmişlər ki, yanvarın 20-də səfirlik, “Vətənsevər” Dostluq Cəmiyyəti və “Küveyt-Azəri” müştərək şirkətinin təşkilatçılığı ilə anma mərasimi keçiriləcəkdir.
Mərasimdə səfirliyin əməkdaşları, Azərbaycan, türk, İran və digər ölkələrin diaspor təşkilatlarının nümayəndələri, yerli ictimaiyyət, ictimai-siyasi xadimlər, deputatlar və jurnalistlər iştirak edəcəklər.
Səfirliyin təşəbbüsü və dəstəyi ilə ərəb dilində hazırlanmış “20 Yanvar” foto-albomu, faciəni əks etdirən sənədli filmin ərəb dilində CD variantı, hadisə ilə bağlı məlumatlar Küveytin dövlət qurumlarına, parlamentə, bu ölkədə fəaliyyət göstərən ictimai təşkilatlara və kütləvi informasiya vasitələrinə göndəriləcəkdir.
Səfirlikdə 20 Yanvar faciəsinə həsr edilmiş foto-sərgi təşkil olunacaq, film və kitablar nümayiş etdiriləcək, Küveytin kütləvi informasiya vasitələrində faciə ilə əlaqədar məqalələr dərc etdiriləcəkdir.