Fransada Qanlı 20 yanvar faciəsi ilə bağlı silsilə tədbirlər keçiriləcəkdir
16 yanvar, 2013 23:39
Xalqımızın müstəqillik və azadlıq yolundakı mübarizəsini boğmaq məqsədilə yanvarın 20-də ölkəmizə yeridilən sovet əsgərlərinin dinc əhaliyə qarşı tutduqları amansızlıqla bağlı Fransada silsilə tədbirlər keçiriləcəkdir.
Azərbaycanın Fransadakı səfirliyinin, Parisdə fəaliyyət göstərən “ Azərbaycan evi “nin təşkilatçılığı ilə səfirliyin və ölkəmizin UNESKO yanındakı daimi nümayəndəliyini əməkdaşları və diasporamızın təmsilçiləri yanvarın 20-də Şərq aləmində ilk demokratik dövlətin əsasını qoyan Azərbaycan Xalq Cümhuriyyətinin ilk parlament sədri Əlimərdan bəy Topçubaşovun və həmin dövrdə “Azərbaycan“ qəzetinə rəhbərlik edən Ceyhun Hacıbəylinin Parisin Sen Klu qəbiristanlığındakı məzarlarına ziyarət edəcək, səfir Elçin Əmirbəyov 20 Yanvarla bağlı çıxış edəcəkdir. Şəhidlər zirvəsinə yüksələn insanların xatirəsinə Sena çayına al qərənfillər axıdılacaq və sonda səfirlikdə ehsan süfrəsi açılacaqdır.
Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyi də 20 Yanvara həsr olunan anma mərasimi keçirəcəkdir. Mərasimdə Avropa Şurası yanında və Strasburqda akkreditə olunan diplomatik korpusun əməkdaşları, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası ilə əlaqədar Strasburqda işgüzar səfərdə olacaq Azərbaycanın AŞPA yanındakı deputat qrupu, habelə diaspor üzvləri iştirak edəcəklər.
Anma mərasimdə qanlı 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş etdiriləcəkdir.
Strasburqdakı “Azərbaycan evi“nin təşəbbüsü ilə ölkəmizlə bağlı ayda bir dəfə fransız dilində səsləndirilən radionun yanvarın 20-də efirə gedəcək verilişi bütünlüklə 20 Yanvar hadisələrinə həsr olunacaqdır.