Qırğızıstan Prezidenti Almazbek Atambayevin ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya ölkələri üzrə köməkçisi Robert Bleyklə görüşündə “Manas” aeroportunda məskunlaşmış ABŞ-ın Tranzit Daşımaları Mərkəzi ilə bağlı fikir mübadiləsi aparılmışdır
16 yanvar, 2013 23:36
Qırğızıstan Prezidenti mətbuat xidmətinin verdiyi məlumata görə dövlət başçısı Almazbek Atambayev bu ölkədə işgüzar səfərdə olan Amerika Birləşmiş Ştatları dövlət katibinin Cənubi və Mərkəzi Asiya ölkələri üzrə köməkçisi Robert Bleyklə görüşmüşdür.
Görüşdə Qırğızıstanla ABŞ arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri ətraflı müzakirə olunmuş, investisiya layihələrinin həyata keçirilməsi məsələlərinə diqqət yetirilmişdir.
Almazbek Atambayev bildirmişdir ki, bu həftə 2013-2017-ci illərdə Qırğızıstanın dayanıqlı inkişafı ilə əlaqədar Strategiya qəbul edilmişdir və bu sənəddə ölkə iqtisadiyyatı inkişafının əsas istiqamətləri əksini tapmışdır. Tərəflər “Manas” aeroportunda məskunlaşmış ABŞ-ın Tranzit Daşımaları Mərkəzinin (TDM) müddətinin uzadılması ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır. Dövlət başçısı demişdir ki, “Manas” Beynəlxalq aeroportunda məskunlaşmış TDM ilə əlaqədar Qırğızıstan və ABŞ hökumətləri arasında imzalanmış Sazişin müddəti 2014-cü ildə başa çatır və bu müddətdən sonra “Manas” aeroportu tam mülki hava limanına çevrilməlidir.