2013-cü il Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olundu Prezident İlham Əliyev bu barədə Sərəncam imzaladı
16 yanvar, 2013 23:23
2013-cü il Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olundu. Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 16-da bu barədə Sərəncam imzaladı.
Sərəncamda bildirilir ki, “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”nın (2003–2012-ci illər)” gerçəkləşdirilməsi ölkəmizdə informasiya cəmiyyətinin formalaşdırılması üçün müvafiq hüquqi baza yaratmışdır. Bununla yanaşı, həyata keçirilən dövlət proqramları və zəruri islahatlar nəticəsində ölkəmizin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası təmin edilmiş, elektron hökumətin yaradılması, biliklərə əsaslanan iqtisadiyyatın təşəkkülü, informasiya təhlükəsizliyi və digər məsələlərin həlli istiqamətində mühüm addımlar atılmışdır.
Sənəddə deyilir ki, Azərbaycanın süni telekommunikasiya peykinin orbitə çıxarılması üzrə işlərin artıq həlledici mərhələyə qədəm qoyması informasiya-kommunikasiya texnologiyalarının potensialından daha dolğun istifadə üçün möhkəm zəmin yaradır. “ASAN xidmət” mərkəzlərinin yaradılması da elektron hökumətin formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir.
Sərəncama əsasən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” ilə bağlı tədbirlər planını hazırlayıb bir ay müddətində Azərbaycan Prezidentinə təqdim edəcəklər.