Azərbaycanla Ukrayna arasında mədəni əməkdaşlığın inkişafına növbəti töhfə
16 yanvar, 2013 23:19
Yanvarın 15-də Ukraynanın keçmiş prezidenti Leonid Kuçmanın və onun hazırda başçılıq etdiyi “Ukrayna” Fondunun Kiyevdəki iqamətgahında bu qurumun və Taras Şevçenko adına Milli Muzeyin dəstəyi ilə tanınmış Ukrayna rəssamı Leonid Litvinin əsərlərindən ibarət sərgi təşkil edilmişdir.
Rəssamın əsərlərindən ibarət sərginin keçirilməsi və bu əsərlərin L.Kuçmanın Prezident Fonduna təqdim edilməsi təşəbbüsünü Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ukraynadakı nümayəndəliyi irəli sürmüşdür. ARDNŞ-in Ukraynadakı nümayəndəliyi XIX əsrdə Azərbaycanda mesenatlıq ənənəsini davam etdirərək tanınmış rəssamın əsərlərinin alınması və sərginin təşkil edilməsi üçün L.Kuçmanın “Ukrayna” Prezident Fonduna vəsait köçürmüşdür. Fonda rəssamın 38 əsəri təqdim olunmuşdur. Sonradan bu rəsmlər Taras Şevçenko adına Milli Muzeyə veriləcəkdir. Rəsmlərin təqdimatından əvvəl keçirilən tədbirin rəsmi hissəsində Leonid Kuçma çıxışında ARDNŞ-in Ukraynadakı nümayəndəliyi ilə onun başçılıq etdiyi Fondun sıx əməkdaşlığından danışmış və xeyirxahlığına, mesenatlığına görə Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndəliyinə səmimi minnətdarlığını bildirmişdir.
ARDNŞ-nin Ukraynadakı nümayəndəliyinin başçısı Elçin Məmmədov çıxışında dost ölkələrimiz arasında tərəfdaşlığın strateji səviyyəsini qeyd etmiş, ARDNŞ-in nümayəndəliyinin ölkədə həyata keçirdiyi sosial və xeyriyyəçilik layihələrindən söhbət açmışdır. E.Məmmədov çıxışının sonunda demişdir: “Beləliklə, ARDNŞ-in Ukraynadakı nümayəndəliyi Azərbaycanla Ukrayna arasında mədəni əməkdaşlığın inkişafına növbəti töhfəsini vermişdir”.
Tədbirin sonunda Leonid Kuçma Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətlidən onun adından Prezident İlham Əliyevə ən xoş arzularını bildirməsini xahiş etmişdir. O, həmçinin AzTv kanalına eksklüziv müsahibə vermişdir.
Tədbirdə Azərbaycan diplomatları, ARDNŞ nümayəndəliyinin əməkdaşları, Ukraynanın tanınmış mədəniyyət xadimləri iştirak etmişlər.