Azərbaycan poeziyasının tanınmış nümayəndəsi Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyi keçiriləcəkdir
16 yanvar, 2013 23:08
Yanvarın 16-da Prezident İlham Əliyev Azərbaycan poeziyasının inkişafına töhfələr vermiş şairə Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır.
Sərəncamda zəngin ənənələrə malik çoxəsrlik Azərbaycan poeziyasının tanınmış nümayəndəsi Məhsəti Gəncəvinin ədəbiyyatımız tarixində özünəməxsus yeri olduğu qeyd edilir. Bildirilir ki, onun yaratdığı söz sənəti nümunələri insanı ucaldan yüksək bəşəri duyğular, nikbin ruh və dərin lirizmlə səciyyələnərək geniş şöhrət tapmış, sonrakı dövrlərdə bədii zövqün formalaşmasına mühüm təsir göstərmişdir. Şairənin ədəbi şəxsiyyəti yaradıcı Şərq qadınının fikir və mənəvi azadlığının parlaq təcəssümü kimi Qərb şərqşünaslarının əsərlərində çox yüksək dəyərləndirilmişdir. Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyi UNESCO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd olunması proqramına daxil edilmişdir.
Sərəncamda müvafiq qurumlara Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayaraq həyata keçirmək tapşırılmışdır