On bir ay ərzində Azərbaycanın 152 ölkə ilə xarici ticarət dövriyyəsi 39,5 milyard ABŞ dolları təşkil etmişdir
16 yanvar, 2013 22:42
On bir ay ərzində Azərbaycanın 152 ölkə ilə xarici ticarət dövriyyəsi 39,5 milyard ABŞ dolları, xarici ticarət saldosu isə müsbət 22,6 milyard dollar təşkil etmiş, qeyri-neft ixracı 11,2 faiz artmış, strateji valyuta ehtiyatları 46 milyard dollar olmuşdur. Bu da xarici dövlət borcundan təxminən 10 dəfə çoxdur.
bu sözləri Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında demişdir.
Nazir bildirmişdir ki, icmal büdcənin gəlirləri 22,1 milyard manat və ya 101 faiz, xərcləri isə 19,6 milyard manat və ya 93,9 faiz icra olunmaqla 2,4 milyard manatdan çox profisit yaranmışdır. Dövlət büdcəsinin gəlirləri 17,3 milyard manat və ya 101,4 faiz icra olunmuş, bu da əvvəlki illə müqayisədə 10,1 faiz çox, xərcləri isə 17,0 milyard manat və ya 96,2 faiz icra edilsə də, əvvəlki illə müqayisədə 10,4 faiz çox olmuşdur.
Ölkə iqtisadiyyatına yönəldilmiş investisiyaların həcmi 22.1 milyard ABŞ dolları olmuş, bundan 13.3 milyard daxili, 8.8 milyard isə xarici investisiya təşkil etmişdir.