FİFA futbol agentlərindən yaxa qurtarmağa çalışır
15 yanvar, 2013 00:03
FİFA futbol agentlərinin transfer bazarına təsirini azaltmaq üçün oyunçuların qlobal mübadiləsi sistemini tətbiq etməyi planlaşdırır.
Agentlərə qarşı mübarizənin zəruri olduğunu FİFA keçən ilin axırlarında başa düşmüşdür. Rəsmi statistikaya görə, 2012-ci ildə 11555 transfer olmuşdur. Qeyd etmək lazımdır ki, agentlərin xidmətlərinə görə klublar onların ümumi dəyərinin təqribən 28 faizini ödəməli olmuşlar. Klubları vasitəçilərin xidmətlərinə sərf olunan bu ağlasığmaz xərclərdən xilas etmək üçün FİFA futbol təşkilatlarının bilavasitə öz aralarında oyunçular barədə informasiya mübadiləsi keçirməsinə imkan verən yeni sistem tətbiq etməyi qərara almışdır.
Təbii ki, hazırda 340 üzvü olan Futbol Agentləri Assosiasiyası (FAA) bu ideyanın əleyhinə çıxmışdır. FAA-nın prezidenti Mel Steyn bununla əlaqədar belə bir bəyanat vermişdir: “Agentlərdən yaxa qurtarmaq qərarı tamamilə düşünülməmiş qərardır. Agentlər oyunçularla bilavasitə əlaqədə olurlar və bazara yaxşı bələddirlər. Əminəm ki, FİFA-da heç nə alınmayacaq. Biz öz varlığımız uğrunda mübarizə aparacağıq”.