Xəbərlər

Bakı ilə Florensiya arasında mədəni əlaqələr möhkəmlənir
15 yanvar, 2013 22:33

 

İtalyan bəstəkarı Françesko Maconun Bakıya hər gəlişi müştərək layihələrlə bağlı olur. 
Burada onu yaxşı tanıyırlar. F.Maco Finlandiyada keçirilən “Brinkhall summer concerts” festivalının rezident-bəstəkarı, təşkilatçısı və bədii rəhbəri, həmçinin İtaliyada keçirilən “Massenzio arte festival”ın bədii rəhbəridir. Azərbaycan musiqisinə məftun olduğunu söyləyən Maco bu musiqini məhz Azərbaycanda dinləmək və müştərək layihələr üzərində işləmək üçün dəfələrlə ölkəmizdə olmuşdur.
F.Maco Romadakı Santa-Çeçiliya Konservatoriyasının bəstəkarlıq sinfini bitirmişdir. Həmvətənimiz Günay Mirzəyeva da hazırda həmin konservatoriyada oxuyur. Maco məhz Günay Mirzəyevanın sayəsində Azərbaycan musiqisi, onun nadir janrları barədə məlumat əldə etmişdir.
Yeri gəlmişkən, Günay məşhur bəstəkar Musa Mirzəyevin və heç də az məşhur olmayan jurnalist Svetlana Mirzəyevanın nəvəsidir.
Bu yaradıcı insanlar Azərbaycanı, onun musiqisini İtaliyada və bütövlükdə Avropada daha yaxşı tanıtmaq üçün bir neçə müştərək layihə həyata keçirmişlər. 
Maconun Bakıya budəfəki səfəri onun Günay Mirzəyeva ilə müştərək yeni layihəsi ilə bağlıdır. 
Ştutqart Konservatoriyasının məzunu, Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramının təqaüdçüsü olan Günay Mirzəyeva indi Romadakı Santa-Çeçiliya Akademiyasının Konservatoriyasında və eyni zamanda bəstəkarlıq üzrə doktor adı almaq üçün Almaniyanın Karlsrue şəhərində dünya şöhrətli bəstəkar, professor Volfqand Rimin sinfində təhsilini davam etdirir. 
Sevindirici haldır ki, Günay Mirzəyeva Bakıda həyata keçirilən “Il Fiore del Fuoco” (Azerbaijan Visual Concert) layihəsinin əsas sponsorları olan Gənclər Fondunun və Azərbaycan Gənclər və İdman Nazirliyinin qrantını qazanmışdır. 
Layihə İtaliyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzi və İtaliyanın “Contempoarte” ansamblı tərəfindən birgə həyata keçirilir. Layihənin media tərəfdaşı Azərbaycan Dövlət Televiziya və Radio Komitəsidir (layihənin rejissoru Azərbaycan Televiziyasının bədii rəhbəri Etibar Babayevdir). 
Yanvarın 25-də bu layihə çərçivəsində Beynəlxalq Muğam Mərkəzində “Il Fiore del Fuoco» (Azerbaijan Visual Concert)” adlı konsert olacaqdır. Həmin konsertdə İtaliyanın Florensiya şəhərinin “Contempoarte” ansamblı muğam üçlüyü ilə birlikdə gənc müəlliflərin iki yeni əsərini Françesko Maconun “Çahargah” muğamı əsasında yazdığı “Atəşgah” kompozisiyasını, Günay Mirzəyevanın “Şur” muğamı əsasında bəstələdiyi “Alovun səsi” əsərini ifa edəcəkdir.
Günay Mirzəyevanın sözlərinə görə konsert zamanı zaldakı monitorda Azərbaycanın “Yanardağ” və “Atəşgah” kimi görməli yerləri audio-vizual rejimdə nümayiş etdiriləcəkdir. Bu, onunla əlaqədardır ki, yeni layihə Atəşə - işığın rəmzinə, Azərbaycanın rəmzinə həsr edilmişdir. 
Fevralın 4-də eyni proqram üzrə konsert Florensiyada, “Palazzo Medici Riccardi”də təşkil ediləcəkdir. Bu tədbirin sponsorları Florensiya əyalətinin Toskana regionunun bələdiyyəsi, İtaliya Mədəniyyət Nazirliyi, Azərbaycanın İtaliyadakı səfirliyi və “Made Group Florence Consortium” qrupudur. 
Sevindirici haldır ki, Bakı ilə Florensiya arasında mədəni əlaqələr möhkəmlənir. Əvvəllər Florensiya Respublikasının mərkəzi, Mediçi hersoqlarının və İtaliya krallığının paytaxtı olmuş, Arno çayı sahilində yerləşən bu muzey-şəhər hazırda Toskana regionunun inzibati mərkəzidir. Öz muzeyləri və memarlıq şedevrləri ilə məşhur olan Florensiyanı oxuculara təqdim etməyə ehtiyac yoxdur. Bu şəhər dünyaya Leonardo da Vinçi, Mikelancelo, Dante və Qaliley kimi nəhənglər bəxş etmişdir. İtalyan ədəbi dilinin əsasını məhz Florensiyanın yerli dialekti təşkil edir. 
Florensiya filarmoniyasının orkestri dəfələrlə Bakıda olmuş, burada M.Rostropoviç adına musiqi festivalında iştirak etmişdir. “Rotary Club” Assosiasiyası yanında “Made Group Florence Consortium” qrupunun nümayəndələri – qrupun rəhbəri Cüzeppe Massaskuza və klubun üzvü Leonardo Alderigi isə Bakıya ilk dəfə gəlmişlər. Bakıda bu təşkilatın nümayəndəliyi açılmışdır. “Rotary Club”un Bakıdakı nümayəndəliyinin prezidenti Emil Həsənovdur. 
“Made Group Florence Consortium” avtomobil yolları, körpülər, dəmir yolları, metro tikintisi və müvafiq avadanlıqlar istehsalı ilə məşğul olur. Şirkət sənaye yönümlü inşaat işləri ilə yanaşı tarixi memarlıq abidələrinin bərpası, otellərin dizayn tərtibatı ilə də məşğul olur. 
C.Massaskuzanın sözlərinə görə Azərbaycan mədəniyyəti onlara çox güclü təsir göstərmişdir. Azərbaycan paytaxtının simasında inşaat bumuna baxmayaraq qədim memarlığın cazibəsi aşkar hiss olunur. 
Onlar burada muğam da dinləmişlər. Muğamın silinməz təsiri nəticəsində onlar Florensiyada bu layihənin sponsorları olmağı qərara almışlar. İtaliyada musiqinin qədrini bilirlər, buna görə də italyanlar incəsənətin daha bir möcüzəsi olan muğamı və onun müasir musiqi ilə necə uzlaşmasını eşitməlidirlər.
Qonağımız deyir: 
- Bakı indi əsl İntibah dövrünü yaşayır. Əgər lazım gələrsə, biz abidələrin bərpasına kömək etməyə hazırıq. Vaxtilə Florensiya öz şedevrlərinin inşa edilməsi üçün dünyanın ən yaxşı ustalarını dəvət etmişdir. O, mədəni dəyərlərin qorunub saxlanması sahəsində çox böyük təcrübəyə malikdir və biz öz təcrübəmizi bölüşməyə hazırıq. Ümumiyyətlə, biz çox sahələrdə - turizm, incəsənət, restoran biznesi və tikinti işlərində əməkdaşlıq edə bilərik.
“Rotary Club” Assosiasiyası öz fəaliyyətində xeyriyyəçiliyə, istedadlı gənclərin dəstəklənməsinə, maraqlı layihələrin həyata keçirilməsinə də xeyli yer ayırır. 
Assosiasiya bizim gənc bəstəkarların Florensiyada konsertinin təşkil edilməsi ideyasını da dəstəkləmişdir. Bir sıra musiqi festivalları keçirməyi planlaşdıran Françesko və Günay ümid edirlər ki, onlar yaxın gələcəkdə daha bir layihə həyata keçirə biləcəklər. Bu, İtaliyada Azərbaycan musiqisinə həsr edilmiş böyük festival olacaqdır.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.