2013-cü ildə UEFA İcraiyyə Komitəsinin birinci iclası yanvarın 25-də keçiriləcəkdir
15 yanvar, 2013 22:24
2013-cü ildə UEFA İcraiyyə Komitəsinin birinci iclası yanvarın 25-də Avropa Futbol İttifaqının Nyondakı iqamətgahında keçiriləcəkdir. Gündəlikdə Avropa-2020, habelə klub lisenziyalaşdırması və maliyyə “feyr-pley”i məsələlərinin müzakirəsi durur.
İcraiyyə Komitəsi UEFA-nın prezidenti Mişel Platininin sədrliyi ilə Avropa-2020 çempionatının final mərhələsinin keçirilməsinə hazırlıq haqqında məruzəni dinləyəcəkdir. İcraiyyə Komitəsinin dekabr ayında Lozannada keçirilmiş iclasında Avropa-2020 çempionatının final mərhələsinin bütün Avropanın bir neçə iri şəhərində keçirilməsi qərara alınmışdır. UEFA-nın yığma komandalar üçün yarışlar üzrə komitəsi turnir oyunlarının keçirilməsi üçün sifarişlərin verilməsi layihəsini işləyib hazırlamışdır və onu İcraiyyə Komitəsinin müzakirəsinə təqdim edəcəkdir.
Bundan başqa, Avropa Futbol İttifaqının ali icraiyyə orqanı klub lisenziyalaşdırması və maliyyə “feyr-pley”i məsələlərini müzakirə edəcəkdir. Məsələn, UEFA-nın klub lisenziyalaşdırması sisteminin və maliyyə “feyr-pley”i qaydalarının tətbiqinə nəzarət məqsədi ilə keçən ilin yayında yaradılmış Klublara maliyyə nəzarəti instansiyasının qəbul etdiyi son qərarlarla əlaqədar bir sıra mövzular müzakirə olunacaqdır.
İcraiyyə Komitəsi, həmçinin Avropada seçmə oyunlarının mərkəzləşdirilməsi layihəsini də müzakirə edəcəkdir. Bundan əvvəl UEFA 2014-cü ildən başlayaraq yığma komandalar üçün bütün turnirlərin seçmə oyunları üzərində media hüquqlarının mərkəzləşdirilməsi haqqında qərar qəbul etmişdir. Yığma komandaların oyunları üzərində media hüquqlarının mərkəzləşdirilməsinə keçid milli assosiasiyaların seçmə oyunlarda daha çox pul qazanmasına kömək göstərməli və bu yarışlarda iştirakdan sabit gəlir əldə olunmasını təmin etməlidir. UEFA-nın üzvü olan ölkələrin gəliri daha püşkatmanın nəticələrindən asılı olmayacaqdır. Bu tədbir həmçinin milli yığmaların iştirakı ilə turnirlərin orijinallığını möhkəmləndirəcəkdir.
İclasdan sonra UEFA prezidentinin və UEFA-nın baş katibi Canni İnfantinonun iştirakı ilə mətbuat konfransı keçiriləcəkdir. Mətbuat konfransı birbaşa efirdə UEFA.com. saytında göstəriləcəkdir.
UEFA İcraiyyə Komitəsinin növbəti iclası martın 28-də Sofiyada keçiriləcəkdir.