Tanınmış “Air Product” şirkəti ARDNŞ ilə əməkdaşlıq etmək niyyətindədir
15 yanvar, 2013 22:18
Yanvarın 15-də ARDNŞ prezidenti Rövnəq Abdullayev “Air Product” şirkətinin prezidenti və baş icraçı direktoru Con MakQleydin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
qonaqları salamlayan Rövnəq Abdullayev onları Yeni il münasibəti ilə təbrik etmiş, xoş arzularını bildirmişdir.
Səmimi görüş üçün təşəkkür edən “Air Product” şirkətinin prezidenti və baş icraçı direktoru Con MakQleyd Bakıya ilk dəfə səfər etdiyini və bu səfərin onda xoş təəssüratlar oyatdığını söyləmişdir. Rəhbərlik etdiyi şirkət haqqında ARDNŞ prezidentinə məlumat verən qonaq qeyd etmişdir ki, dünya üzrə 40-dan çox müəssisəyə və 10 milyard dollardan artıq dövriyyə kapitalına malik “Air Product” şirkəti sənaye qazları və təbii maye qaz istehsalı, habelə neft emalı və neft-kimya müəssisələri üçün avadanlıqlar istehsalı sahəsində 20 ildən artıq təcrübəyə malikdir. ARDNŞ-in artıq dünyada tanınmış şirkətlərdən olduğunu və neft-qaz sənayesinin müxtəlif sahələrində nəhəng layihələr həyata keçirdiyini söyləyən Con MakQleyd belə bir şirkətlə əməkdaşlıq etməkdə maraqlı olduqlarını diqqətə çatdırmışdır.
Azərbaycan, Bakı və ARDNŞ haqqında xoş sözlərinə görə qonağa təşəkkürünü bildirən Rövnəq Abdullayev Şirkətin ölkə daxilində və Türkiyədə həyata keçirdiyi layihələr haqqında ətraflı bəhs etmiş, Bakıda tikintisi başa çatmaqda olan gəmiqayırma zavodu, Sumqayıtda azot gübrəsi zavodu, İzmirdə neft emalı zavodu, “Petkim” limanının genişləndirilməsi, orada inşa olunacaq elektrik stansiyası və digər layihələr haqqında danışmışdır. O, yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi layihəsi üzərində xüsusi dayanmış, qeyd etmişdir ki, bu, qarşıdakı illər üçün yalnız ARDNŞ-in deyil, bütün Azərbaycan iqtisadiyyatının ən böyük layihəsidir.
ARDNŞ-in eyni vaxtda mühüm əhəmiyyət kəsb edən nəhəng layihələr üzərində çalışdığını vurğulayan “Air Product” şirkətinin prezidenti və baş icraçı direktoru Con MakQleyd təmsil etdiyi şirkətin malik olduğu təcrübə və texnologiyalardan istifadə etməklə bu böyük işə töhfə vermək niyyətində olduqlarını söyləmişdir.
Görüşdə Azərbaycanda, eləcə də Türkiyə və digər xarici ölkələrdə ARDNŞ tərəfindən həyata keçirilən layihələrdə sənaye qazları, o cümlədən, hidrogen, azot, oksigen və s. istehsalı üzrə əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.