Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Azərbaycan Texniki Universiteti birgə əməkdaşlıq layihəsini həyata keçirirlər
15 yanvar, 2013 22:10
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) və Azərbaycan Texniki Universiteti (AzTU) “Azərbaycan Texniki Universitetinin təhsil informasiya sisteminin yaradılması” üzrə 2011-ci il oktyabrın 12-də imzalanmış qrant sazişi çərçivəsində əməkdaşlıq layihəsini həyata keçirirlər.
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyindən bildirmişlər ki, layihəni icra etmək məqsədilə KOICA AzTU-nun heyətinə texniki əməliyyat üzrə nou-haunun ötürülməsi, avadanlığın quraşdırılması və sabitlik testinin aparılması üçün bu ali təhsil müəssisəsinə 4 ekspertini ezam etmişdir.
Səfər çərçivəsində ekspertlər təhsil informasiya sistemi üçün informasiya-kommunikasiya texnologiyaları avadanlığı quraşdıracaq və pilot test üçün əvvəlcədən müvafiq ətraf mühit hazırlayacaqlar. Həmçinin şəbəkə mühəndisləri avadanlığın idarə edilməsi və texniki nəzarətə dair təlim proqramı da həyata keçirəcəklər.
Layihənin məqsədi AzTU üçün Koreya Respublikasının ən son informasiya-kommunikasiya texnologiyalarından istifadə edərək işlənilmiş informasiya sisteminin yaradılmasıdır. Sözügedən sistem məktəb administrasiyasının avtomatlaşdırılmasına xidmət göstərəcək və tələbələr üçün onlayn distant təhsili təmin edəcəkdir.
Layihənin cari ilin sonunda başa çatdırılması planlaşdırılır.