“Azəriqaz” İB ötən ili böyük uğurlarla yekunlaşdırmışdır
15 yanvar, 2013 22:03
Ötən 2012-ci il ərzində “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən respublika ərazisində qaz təchizatının yaxşılaşdırılması, əhalinin “mavi yanacaq”la itkisiz və keyfiyyətli təminatı istiqamətində mühüm işlər görülmüş, yeni-yeni qaz xətləri çəkilmiş, istismara yararsız borular yeniləşdirilmiş, yenidənqurma işləri aparılmış, nəticədə uzun müddət təbii qaz almayan yaşayış massivləri “mavi yanacaq”la təmin olunmuşdur.
2013-cü il yanvarın 1-nə İB tərəfindən 13 qazpaylayıcı stansiya və tənzimləyici məntəqə quraşdırılmış, 39-u əsaslı təmir olunmuşdur. Ötən il ərzində İB-in sifarişi ilə 6 min 362,7 kilometr müxtəlif diametrli qaz xətləri çəkilmiş, 2 min 855,3 kilometr qaz kəməri əsaslı təmir edilmişdir. Ümumiyyətlə, İB-in fəaliyyət göstərdiyi 2009-2012-ci illər ərzində 16 min 157,7 kilometr yeni qaz kəməri quraşdırılmış, 5 min 953,9 kilometr qaz kəməri əsaslı təmir edilmişdir.
İstehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, 1 yanvar 2013-cü il tarixə ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 483 min 769-a (1465254 əhali, 18515 qeyri-əhali abonenti) çatdırılmışdır. Bu abonentlərin 664 min 921-i Bakı şəhəri (655035 əhali, 9886 qeyri-əhali abonenti), 818 min 848-i isə regionların payına düşmüşdür (810219 əhali, 8629 qeyri-əhali abonenti). Ümumilikdə 1 milyon 483 min 451 abonent (99,98 faiz) sayğaclaşdırılmışdır ki, bu rəqəmin də 1 milyon 464 min 936-ı əhali (99,98 faiz), 18 min 515-i qeyri-əhali (100 faiz) istehlakçılarıdır. Sayğaclaşdırmanın nisbətinə gəlincə, bu sahədə vəziyyət aşağıdakı kimidir: Bakı şəhəri üzrə 654 min 905 əhali abonenti (99,98 faiz), 9 min 886 qeyri-əhali abonenti (100 faiz), regionlar üzrə isə 810 min 31 əhali abonenti (99,98 faiz) və 8 min 629 qeyri-əhali abonenti (100 faiz). Bakı şəhəri üzrə cəmi 664 min 791 abonent (100 faiz), regionlar üzrə isə 818 min 660 abonent (100 faiz) sayğaclaşdırılmışdır. Yanvarın 1-i 2013-cü il tarixə əhali abonentlərinin mənzillərində 594 mindən çox “smart-kart” tipli sayğac quraşdırılmışdır.
Yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpası məsələlərinə də xüsusi diqqət yetirilmişdir. Ötən il 184 yaşayış məntəqəsi qazlaşdırılmış, 119 min 527 yeni əhali abonenti təbii qazla təmin olunmuşdur. Birliyin fəaliyyəti dövründə qazlaşdırılmış yaşayış məntəqələrinin sayı 408-ə, qazla təchiz olunmuş yeni əhali abonentlərinin sayı 315 min 524-ə çatdırılmışdır. Cəbhə bölgələrinə yaxın yaşayış məntəqələrinin və sərhəd rayonlarının qazlaşdırılmasına xüsusi diqqət yetirilmiş, Ağdam və Qazax rayonlarının qazlaşdırılması tam başa çatmışdır.
İl ərzində magistral kəmərlərin etibarlı qaz təchizatı və təhlükəsiz istismarını təmin etmək, eləcə də qaz itkisinin azaldılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. “Qazıməmməd-Astara” magistral qaz kəmərinin Biləsuvar rayonu ərazisində Araz çayının yeni məcrasına düşən 131-138-ci kilometrlərarası sahəsində 7 kilometr uzunluğundakı hissəsi yenidən qurularaq istismarda olan qaz kəmərinə qoşulmuşdur. “Qazıməmməd-Astara” magistral qaz kəmərinin Hacıqabul rayonu ərazisindəki 196-cı kilometrliyində 2,2 kilometr uzunluğundakı hissəsi yeni borularla əvəz edilmiş, həmin ərazidən kənarlaşdırılaraq istismarda olan qaz kəmərinə qoşulmuşdur. “Azadkənd-İmişli” magistral qaz kəmərinin 19,9-cu kilometrliyində hissəsi yeni borularla dəyişdirilərək istismara verilmişdir. Biləsuvar rayonu ərazisindəki Şorsulu Qazpaylayıcı Stansiyası yeni Avtomatik Qazpaylayıcı Stansiya quraşdırılmaqla yeni əraziyə köçürülmüşdür.
Şimal istiqamətindəki regionların tələbatçılarının qazla fasiləsiz təmin edilməsi və Rusiya Federasiyasına dayanıqlı qaz nəqlini təmin etmək məqsədi ilə “Altıağac-Ağsu” magistral qaz kəmərinin 21-ci kilometrliyində 26 metr uzunluğunda boru yenilənmiş, Şamaxı rayonu Mədrəsə kəndi ərazisində baş vermiş torpaq sürüşməsi ilə əlaqədar olaraq 399 metr uzunluğunda drenaj xətti çəkilmişdir. “Mozdok-Qazıməmməd” magistral qaz kəmərinin 305-ci kilometrliyində Əngilan çay keçidində qəzalı vəziyyətdə olan 150 metrlik hissə yenisi ilə əvəz olunmuşdur.
Ölkənin qərb regionlarını, eləcə də Mingəçevir Elektrik Stansiyası və Gürcüstan Respublikasının dayanıqlı qaz təminatı üçün “Qazıməmməd-Qazax” 2-ci xətt magistral qaz kəmərinin 335,4-cü kilometrliyində 424 metr, “Qazax-Saquramo” magistral qaz kəmərinin 38,2-ci kilometrliyində 180,5 metrlik hissələri yeni borularla əvəz edilmişdir.
Eyni zamanda, “Yevlax-Balakən” qaz kəmərinin 104-114 kilometrlərarası sahədə 9,2 kilometrlik qaz kəməri yeni borularla əvəz olunaraq istismara verilmiş, habelə Hacıqabul Kompressor Stansiyası - Qaradağ Kompressor Stansiyası arası yeni fibroptik kabel xətti çəkilmişdir ki, bu da texnoloji rejimlərə nəzarət və idarələrarası birbaşa əlaqənin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.