Yanvarın 15-də “Baku Creative Center” sərgi salonunda dekorativ tətbiqi sənət ustalarının sərgisi açılmışdır.
15 yanvar, 2013 21:40
Yanvarın 15-də “Baku Creative Center” sərgi salonunda dekorativ tətbiqi sənət ustalarının sərgisi açılmışdır.
Sərgidə xalça, qobelen, batika, bədii keramika, bədii metal, bədii şüşə, bədii kafel, taxta oyma kimi müxtəlif sənət növləri təqdim olunur.
“Baku Creative Center”dən bildirmişlər ki, Mir Teymur Məmmədov, İmran Kərimov, Saleh Məmmədov, İnna Kostina, Tamilla Qurbanova, Vahid Məmişov, Cəfər Əliquliyev, Ramiz Abbasov və bir sıra gənc rəssamların əsərlərinin nümayiş etdirildiyi sərgi böyük marağa səbəb olmuşdur.
Dekorativ tətbiqi sənət sərgisinin əsas məqsədi Azərbaycanda əsrlərlə inkişaf edən qədim sənət növlərinin bugünkü formalarını tamaşaçılara təqdim etmək, yaradıcı gənclərdə bu sahələrə olan marağı daha da artırıb təbliğ etməkdir.
Açılış mərasimində çıxış edən rəssamlar dekorativ tətbiqi sənət sərgisinin keçirilməsinin vacibliyini qeyd etmiş, sərginin “Baku Creative Center” sərgi salonunun ən uğurlu layihələrindən olduğunu vurğulamışlar.
Sərgidə təqdim olunan bütün sənət nümunələri satışa çıxarılmışdır.
Sərgi yanvarın sonunadək davam edəcəkdir.