Qarabağ müharibəsində bəhs edən “Dolu” filmi tezliklə Gürcüstanda nümayiş olunacaqdır
15 yanvar, 2013 14:23
Gürcüstan-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyasının 20 Yanvar faciəsinin növbəti ildönümü ilə bağlı Tbilisidə təşkil edəcəyi tədbirdə, kinorejissor Elxan Cəfərovun “Dolu” filmi təqdim olunacaqdır.
bundan əlavə, filmin Gürcüstanın digər iki şəhərində də təqdimatı nəzərdə tutulmuşdur.
Film Qarabağ müharibəsində Vətən uğrunda son nəfəsinə qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlığından bəhs edir. Filmin rejissoru Elxan Cəfərov, ssenari müəllifi Aqil Abbas, operatoru Nadir Mehdiyev, rəssamı Rafiq Nəsirov, bəstəkarı Xalq Artisti Polad Bülbüloğlu, icraçı prodüseri Nadir Əliyevdir.
Ekran əsərində əsas rollarda Məmməd Səfa, Rza Rzayev, Elvin Əhmədov, Fuad Poladov, Fərhad İsrafilov və başqaları çəkilmişlər.
Filmin çəkilişləri İsmayıllı, Şəmkir, Ağdam və Ağcabədi rayonlarında aparılmışdır.
Son zamanlar film Azərbaycanla yanaşı, Rusiyada da nümayiş etdirilərək geniş tamaşaçı marağına səbəb olmuşdur.