Siyavuş Aslana Yaşar Nurinin öldüyünü niyə demirlər?
14 yanvar, 2013 21:53
Xalq artisti Siyavuş Aslanın hazırda vəziyyəti yaxşıdır. 78 yaşlı aktyor ev şəraitində müalicə alır.
Aktyorun oğlu Çingiz Aslan bu barədə məlumat verib.
“Vəziyyəti yaxşıdır, yeyir-içir, müalicəsini alır. Evdə hərəkət edir, gəzir, amma bayıra çıxmağına həkimlər icazə vermirlər, çünki çox yüklənmək olmaz, qoca adamdır, 78 yaşı var. Yaddaşında ciddi problemlər yoxdur, yaxınlarını, bizi tanıya bilir, sadəcə arada nitq qabiliyyətini itirir. Maşallah, indi yaxşıdır”.
Aktyorun oğlu qeyd edib ki, S.Aslanın müalicəsini özü etdirir, heç bir yandan köməklik yoxdur:
“Mən ancaq dərmanlarını ala bilirəm, qaldı ki, başqa yerə müalicəyə aparmağa, ona imkanım çatmır, köməklik edən də yoxdur. Yanına gəlib-gedən, vəziyyəti ilə maraqlanan da. Bir-iki ay əvvəl aktrisa Firəngiz Mütəllibova gəlmişdi, bir dəfə də Hacıbala Abutalıbov gəlib, iş adamıdır, yəqin ki, vaxtı yoxdur. Qohumlardan da qardaşı gəlib baş çəkir”.
Yaşar Nurinin ölüm xəbərinə aktyorun necə reaksiya verdiyinə gəlincə, Çingiz Aslan bildirib ki, atası mərhum aktyorun ölümündən xəbərsizdir: “Yaşar Nurinin ölümünü bilmir, biz ona deməmişik, çünki atam Yaşar Nurini lap çox istəyirdi, deməyə qorxduq, birdən nəsə olar, yaşlı adamdır” .