Azərbaycan “Caspian Telecoms” beynəlxalq konfransında iştirak edəcək
14 yanvar, 2013 21:33
İnformasiya-kommunikasiya texnologiyaları sahəsində nailiyyətlərimiz təqdim olunacaq
Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsində nailiyyətləri Xəzər və Qara dəniz regionu və MDB ölkələri üçün telekommunikasiya və informasiya texnologiyaları üzrə 12-ci “Caspian Telecoms” beynəlxalq konfransının işində təqdim ediləcək.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, aprelin 18-19-da İstanbulda keçiriləcək konfransın təşkilatçıları Türkiyənin “E International Exhibitions Inc”., Rusiyanın “ITE Moscow LLC” və Böyük Britaniyanın “ITE Group PLC” şirkətləridir.
Sərgi-konfransın işində Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Rusiya, Qazaxıstan, Özbəkistan, Tacikistan, Moldova, Monqolustan, Qırğızıstan və başqa ölkələrin nümayəndə heyətlərinin iştirakı gözlənilir. Tədbirin işində Azərbaycan ənənəvi olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və bir sıra telekommunikasiya şirkətləri səviyyəsində iştirak edir. “Caspian Telecoms” 2013-ün işində avadanlıq istehsalçılarının, rabitə operatorlarının, maliyyə strukturlarının, beynəlxalq təşkilatların və başqalarının iştirak edəcəyi nəzərdə tutulur. Konfrans çərçivəsində keçiriləcək müzakirə və məruzələr rabitə siyasəti, perspektivli texnologiyalar, qabaqcıl texnologiyaların tətbiqi və başqa mövzuların aktual məsələlərini əhatə edəcək.