Rusiya mətbuatı günü münasibətilə Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində KİV nümayəndələri ilə görüş olmuşdur
14 yanvar, 2013 21:05
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində 2012-ci ildə Rossotrudniçestvonun Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinin işıqlandırılmasında fəal iştirak etmiş Azərbaycan KİV-lərinin əməkdaşları ilə ənənəvi illik görüş keçirilmişdir.
Rusiya mətbuatı gününə həsr olunmuş görüşdə Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, informasiya agentliklərinin və mətbuat nəşrlərinin rəhbərləri, yaradıcı ziyalıların tanınmış nümayəndələri, jurnalistlər iştirak etmişlər.
Rossotrudniçestvo nümayəndəliyinin rəhbəri Ənvər Şeyxov fəal əməkdaşlığa görə jurnalistlərə minnətdarlığını bildirərək qeyd etmişdir ki, onların işi sayəsində geniş ictimaiyyətə nümayəndəliyin fəaliyyəti barədə obyektiv informasiya verilir.
Ən fəal jurnalistlərə təşəkkür məktubları və xatirə hədiyyələri təqdim edilmişdir.
Sonra konsert olmuş və konsertdə rus romansları səsləndirilmişdir. Gecəni Azərbaycanın Əməkdar Artisti, M.F.Axundzadə adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Gülnaz İsmayılova aparmışdır.
O, rus bəstəkarlarının əsərlərini ifa etmişdir. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının sənətşünaslıq üzrə fəlsəfə doktoru Elnarə Kəbirlinskaya fortepiano partiyasını ifa etmişdir.
Konsert proqramı çərçivəsində rus mənşəli İsveçrə bəstəkarı Natalya Marçenkova-Frayın Rusiyanın Azərbaycandakı səfirliyinin böyük müşaviri Aleksandr Qladkovun sözlərinə yazdığı “İlin fəsilləri” vokal tsiklinin premyerası olmuşdur.