Bir müddət əvvəl ürəyindən əməliyyat olunan Musiqili Komediya Teatrının aktrisası, xalq artisti Afaq Bəşirqızı səhhəti ilə bağlı səhnədən uzaqlaşıb.
Həkimlər aktrisaya səhnəyə çıxmaq qadağası qoyublar.
Belə ki, o, uzun müddət səhnədən uzaqlaşmalı, ev şəraitində dincəlməlidir.
Artıq bir neçə aydır ki, aktrisanı heç bir tamaşada görmürük.
Xalq artistinin səhhəti və yenidən nə vaxt səhnəyə qayıdacağı ilə maraqlandıq.
Afaq Bəşirqızı saytımıza bildirib ki, həkimlər, hələ ki, onun səhnəyə çıxmasını məsləhət görmürlər. Afaq Bəşirqızı üçün qəribsəyən səhnəmiz hələ bir müddət də bu ayrılığa dözməyə məcbur olacaq. Xalq artisti onu da bildirib ki, qısamüddətli fasilədən sonra səhnəyə qayıdışı milli bayramımız Novruzda ola bilər:
“Hələ bir müddət də bu vəziyyət davam edəcək. Çünki həkimlər səhhətimlə bağlı səhnəyə çıxmağı məsləhət bilmirlər. Ümumiyyətlə, mənim heç olmazsa, həftədə bir dəfə ərimlə bazara getməyə ixtiyarım var, ya yox? On səkkiz illik stajımda mənə də istirahət lazımdır, ya yox (gülür)? Ona görə də, hələ ki, istirahət edirəm. İnşallah, qısamüddətli fasilədən sonra milli bayramımız - Novruzda səhnəyə qayıdacam”.