"Bakı"nın baş məşqçisi: "Biz artıq gecikirik"
13 yanvar, 2013 20:17
serbiyalı mütəxəssis komandanın planları, təlim-məşq toplanışı və komandanın hədəfləri barədə danışıb.
"Zənnimcə, oyunların əksəriyyətini yaxşı keçirmişik. Unutmayaq ki, həmin oyunları hücumçusuz oynadıq və bu da bizim üçün problem yaratdı. Ələxsus, son oyunları güclü rəqiblərə qarşı yaxşı oynadıq. Ya udurduq, ya da ki, heç-heçə oynayırdıq. Buraxdığımız 13 qoldan 5-i penaltidən vurulmuşdu. Fikrimcə, onların 3-4-ü səhv qərar idi.
Mən yayda komandaya gələndə bir neçə problemlə üzləşdim. Etiraf edirəm ki, turnir cədvəlində məskunlaşdığımız yer ürəyimizcə deyil. Biz daha yüksək yerə layiqik. Yeni ildən sonra 3-4 gündür ki, bir yerə yığışmışıq. Futbolçuları bəzi testlərdən keçirmişik ki, onların hansı vəziyyətdə olduğunu bilək. Bu nəticələrə əsasən, onların fiziki formalarını bərpa edəcəyik. Çalışacağıq ki, çempionatın ilk oyununa onları lazımlı şəkildə hazırlaşdıraq".
Daha sonra gələcək transferlərə toxunan Bandoviç bu haqda bunları bildirib: "Transferlərə gəldikdə, onu demək istəyirəm ki, biz artıq gecikirik və bu amil məni narahat etməyə bilməz. Bəzi oyunçular gedəcək və biz onların əvəzinə yeni oyunçu axtarmalıyıq ki, həmin futbolçular gələcəkdə bizə faydalı olsun. Antalyada iki həftəlik təlim keçəcəyik. Çempionatın başlanmasına təxminən 5 həftə qalır. Bazar ertəsi Antalayaya yola düşürük və orada 3 yoxlama oyunu keçirəcəyik. Oyunlar zamanı çalışacağıq ki, optimal heyət formalaşdıraq. Zəif nöqtələri tapıb onların üzərində çalışacağıq".