Qazıməmməd-Qazax magistral qaz kəmərinin Göyçay rayonu ərazisindən keçən hissəsində qaz sızması səbəbindən baş verən partlayış zamanı yaranan fəsadlar aradan qaldırılır.
13 yanvar, 2013 20:06
yanvarın 11-də səhər saat 7:20 radələrində diametri 1020 mm olan Qazıməmməd-Qazax magistral qaz kəmərinin Göyçayın Qarabaqqal kəndindəki dağlıq ərazidən keçən 128-ci kilometrlik hissəsində qaz sızması səbəbindən baş verən güclü partlayış zamanı kəmərin parçalanmış və zədələnmiş 35 metrlik hissəsinin yenisi ilə əvəz edilməsi istiqamətində işlər davam etdirilir. Aparılan təmir-bərpa işlərinə hadisə yerində olan “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi nəzarət edir.
Hazırda ərazidə Bakı, Ağsu, Ağdaş və Göyçaydan 40-a yaxın işçinin daxil olduğu 3 təmir briqadası və 10 ağır texnika çalışır. Kəmərin 30 metrlik hissəsi artıq bərpa edilmiş və bu istiqamətdə işlər davam etdirilir. Təmir-bərpa işlərinin yanvarın 14-də yekunlaşdırılması nəzərdə tutulur. Xatırladaq ki, qəza baş verən gün Ağdaş, Qəbələ və Göyçay rayonlarının bəzi yerlərində təbii qaz sarıdan məhdudiyyətlər yaranmışdı. Sonradan alternativ kəmər vasitəsilə Ağdaş və Qəbələyə təbii qaz verilişi bərpa edilmişdir. Yanvarın 14-də isə Göyçay şəhərinin bir hissəsinə və 6 kəndə təbii qaz verilişi bərpa ediləcəkdir