Gəncə özəl Azərbaycan-türk liseyində “Ana dilimizi sevək, sevdirək!” müsabiqəsinin final mərhələsi keçirilmişdir
12 yanvar, 2013 21:38
Gəncə özəl Azərbaycan-türk liseyində “Ana dilimizi sevək, sevdirək!” müsabiqəsinin final mərhələsi keçirilmişdir.
Gəncə Şəhər Təhsil İdarəsi və “Çağ” Öyrətim İşlətmələri Şirkətinin təşkilatçılığı ilə 7, 8, 9 və 10-cu sinif şagirdləri arasında keçirilən şeir və mahnı müsabiqəsində şagirdlər qalib olmaq uğrunda gərgin mübarizə aparmışlar.
Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri liseyin direktoru Kənan Gözəl açaraq ölkəmizdə təhsilin inkişafına, o cümlədən ana dilinin saflığı və qorunması istiqamətində görülən işlərdən danışmışdır.
Sonra keçirilən müsabiqədə şeir və mahnı üzrə finala çıxmış 10 şagird arasında yarış başlanmışdır. Məktəblilər vətənpərvərlik mövzusunda şeir və mahnılarla çıxış etmişlər.
Bir neçə saat davam edən yarışmada münsiflər heyətinin qərarı ilə bir nəfər şeir, bir şagird isə mahnı müsabiqəsinin qalibi olmuşdur.
Bildirilmişdir ki, qaliblər fevral ayında Bakıda keçiriləcək respublika final yarışında iştirak etmək hüququ qazanmışlar.