“Eurovision-2013” mahnı müsabiqəsi üzrə milli seçim turlarının üçüncü həftəsinin qalibi müəyyənləşdirilmişdir
12 yanvar, 2013 15:49
“Eurovision-2013” mahnı müsabiqəsi üzrə milli seçim turlarının üçüncü həftəsi başa çatmışdır.
Üçüncü həftənin nəticələrinə əsasən, seçim turunun üçüncü yarımfinalçısı da müəyyənləşdirilmişdir.
Son həftədə Azərbaycanı 58-ci “Eurovision” mahnı müsabiqəsində təmsil etməyə iddialı 9 ifaçı - Avantaj estrada qrupu, Fərəh Hadıyeva, Məhrəm Qurbanzadə, Oksana Rizayeva, Zəka Zeynalov, Elton İbrahimov, Ülviyyə Baxışova, Adil Baxışlı, Vüqar Əliyev İctimai Televiziyanın canlı efirində yarışmışlar.
Onlar beş gün müddətində milli seçim turunun ənənəvi proqramını yerinə yetirərək həftənin birinci günündə “Eurovision” mahnılarını, ikinci günündə Azərbaycan estradası nümunələrini, üçüncü günündə dünya hitlərini səsləndirmişlər. Həftənin 4-cü günündə iştirakçılara səhnə imkanlarını nümayiş etdirmək üçün repertuar seçimində sərbəstlik verilmişdir. Qalibin müəyyənləşdirildiyi cümə günündə 9 iddiaçı əvvəlki günlərdə uğurlu hesab etdiyi musiqi nömrələrindən birini ifa etmək şansı qazanmışdır.
Hər həftənin qalibi tamaşaçıların və münsiflərin birgə rəyinə əsasən seçilir. Onların qərarı ilə üçüncü həftənin qalibi Fərəh Hadıyeva olmuşdur. Beləliklə, o, milli seçim turunun üçüncü yarımfinalçısı adını qazanmışdır.
Milli seçim turunun bu mərhələsi 8 həftə ərzində nəzərdə tutulmuşdur. Münsiflərin və tamaşaçıların birgə rəyinə əsasən Vüqar Muradov və Rəvanə Əliyeva birinci və ikinci həftənin qalibləri olmuşlar.