Azərbaycan Dəmir Yolları” QSC-də Kompyuterləşdirilmiş Beynəlxalq Maliyyə Hesabatları Standartlarına keçidlə bağlı görüləcək işlər müzakirə olunmuşdur
12 yanvar, 2013 14:55
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində (QSC) keçirilən “Layihələrin icrası vəziyyətinin müzakirəsi günü”nün növbəti iclasında Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamın icrası istiqamətində görülən işlər, 2013-cü ildə həyata keçiriləcək layihələr müzakirə olunmuşdur.
QSC-nin mətbuat katibliyindən bildirmişlər ki, iclasda çıxış edən səhmdar cəmiyyətin sədr müavini Qurban Nəzirov Dövlət Proqramının icrası istiqamətində ötən il görülən işlər, qarşıda duran perspektiv vəzifələr haqqında məlumat vermişdir. Qeyd olunmuşdur ki, tədbirin əsas müzakirə mövzusu dövlətimizin başçısının dəstəyi sayəsində dəmir yolunun inkişafına, idarəetmənin və infrastrukturun təkmilləşdirilməsinə yönəlmiş “Dəmir yolu ticarətinin və nəqliyyatının dəstəklənməsi layihəsi”nin icrası çərçivəsində “Kompyuterləşdirilmiş Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BMHS) keçidin təmin edilməsi” prosesinə başlanılması ilə bağlı görüləcək işlərdir.
Bildirilmişdir ki, proqram təminatının alınması məqsədi ilə keçən il dekabrın 21-də ST Group (Belorus), Belsoft Borlas Group (Belorus) və “Eurosell” MMC (Azərbaycan) şirkətlər birliyindən ibarət Məsləhətçi ilə müqavilə imzalanmışdır. Dünya təcrübəsini və Dünya Bankının mütəxəssislərinin rəylərinə əsasən, bu cür proqram təminatının tətbiqi “Azərbaycan Dəmir Yolları”nın rəqabət qabiliyyətinin, maliyyə dayanıqlığının və şəffaflığının, əməliyyat-iqtisadi səmərəliliyinin və potensialının gücləndirməsinə xidmət edəcəkdir.
Müzakirələrdə Belsoft Borlas Group, “Eurosel”, G&G Consulting şirkətlərinin nümayəndələri və mütəxəssislər iştirak etmişlər.
Tədbirdə Belsoft Borlas Group podratçı şirkətin Biznes analizi departamentinin rəisi Kiril Matox tərəfindən layihənin elektron versiyası nümayiş olunmuşdur.
G&G Consulting şirkətinin layihə qrupunun texniki məsələlər üzrə mütəxəssisi Hasan Turgut təqdim olunan layihə haqqında fikirlərini bildirərək, özlərinin də ayrıca layihə hazırladıqlarını diqqətə çatdırmışdır.
Vurğulanmışdır ki, bu istiqamətdə müzakirələr davam etdiriləcəkdir. Layihə ilə bağlı ümumi işin əlaqələndirilməsi BMHS üzrə koordinator Əfsun Ələkbərə həvalə olunmuşdur.