Respublika Komissiyasının iclasında fermerlərə subsidiyaların verilməsi barədə qərar qəbul olunmuşdur
11 yanvar, 2013 21:03
Kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət tərəfindən büdcə vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə “Aqrolizinq” ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə respublika komissiyasının növbəti iclası keçirilmişdir.
Kənd təsərrüfatı naziri İsmət Abasovun sədrliyi ilə keçən iclasda “Buğda və çəltik istehsalçılarının maddi marağının artırılması və buğda və çəltik istehsalçılarının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli qərarının icrası ilə əlaqədar 58 rayon (şəhər) komissiyasının təqdim etdiyi materiallara baxılmışdır.
Müzakirələr nəticəsində 158 min 485 istehsalçıya 24 milyon 890 min 489,60 manat məbləğində vəsait ödənilməsi barədə qərar qəbul edilmişdir.
Vurğulanmışdır ki, Kənd Təsərrüfatı Nazirliyi bu vəsaitlərin “Kapital Bank”a ayrılması ilə bağlı Maliyyə Nazirliyinə müraciət edəcəkdir. Nəticədə fermerlər plastik kartları vasitəsilə bu vəsaitləri hesablarından çıxarda biləcəklər.