Gəncədə smart-kart sayğacların quraşdırılması qaz israfına son qoyub
10 yanvar, 2013 23:15
Gəncədə qazdan istifadə edən abonentlərin smart-kart tipli sayğaclarla təmin olunması ödəmə prossesini asanlaşdırmaqla yanaşı, qaz itkisini də minimuma endirib. Bəzi abunəçilərdə qalan mexaniki sayğacların yenisi ilə əvəz olunması isə bu ilin sonunadək yekunlaşdırılacaq. Gəncə qaz istismar sahəsindən
televiziyaya verilən məlumatda belə deyilir.
Smart-kart sayğacların quraşdırılması ilə qazın israfına son qoyulub. Lakin şəhərdə hələ də köhnə tipli sayğacların mövcud olması bu prosesi ləngidir.
Yeni tipli sayğacın mexaniki sayğaclardan əsas üstünlüklərindən biri də odur ki, qaz ödənişlərini “onlayn” rejimində etmək mümkündür. Bu innovasiya “Goldenpay” şirkəti tərəfindən xüsusi kart-riderlərin tətbiqi nəticəsində mümkün olub. Gəncə Qaz İstismar Sahəsindən verilən məlumata görə, şəhərdə qalmaqda olan mexaniki sayğacların sayı
istehlakçıların 30%-ni əhatə edir.
Gəncə Qaz İstismar Sahəsinin baş mühəndisi Şubay Nəsibov: “Gəncə şəhərində 15.206 ədəd mexaniki, 25.309 ədəd smart-kart tipli, 28.583 ədəd itron tipli qaz sayğacları mövcuddur”.
Şubay Nəsibov onu da bildirdi ki, birinci növbədə istismar müddətini başa vurmuş, yararsız vəziyyətə düşmüş, mexaniki qaz sayğacları dəyişdirilir və bu proses davam etdirilir:
“Mexaniki qaz sayğacları hal-hazırda tərəfimizdən itron tipli sayğaclarla əvəz olunur və eyni zamanda, köhnə smart-kart tipli sayğacların proqram hissəsi dəyişdirilir”.
Qeyd edək ki, Qaz İstismar Sahəsinin briqadaları tərəfindən 1 ay müddətində 1000-ə yaxın sayğacı yenisi ilə əvəz etmək mümkün olur. Ümumilikdə prosesin ilin sonundək yekunlaşdırılması nəzərdə tutulur.