Azərbaycanın Qırğızıstandakı səfirliyi, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu (TDSDF) və Qırğızıstandakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzi İctimai Birliyi yanvarın 18-də 20 Yanvar faciəsinin ildönümü ilə bağlı birgə tədbir keçirəcəklər.
TDSDF-dən daxil olmuş məlumatda bildirilir ki, tədbirdə iştirakçılara 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşun kontingentinin Bakıya hücum etmişi, şəhərin dinc əhalisinə vəhşicəsinə divan tutması barədə məlumat veriləcək, bu təcavüz nəticəsində, aralarında 6 qadın və 9 uşaq olmaqla, 170 nəfərin həlak olması, daha 370 nəfərin yaralanması, 321 nəfərin itkin düşməsi bir daha xatırlanacaqdır.
Azərbaycanın dinc əhalisinə qarşı törədilən bu təcavüz sovetlər ölkəsinin öz vətəndaşlarına qarşı törətdiyi növbəti qırğın idi. Bundan əvvəl 1986-cı ildə Qazaxıstanda, 1989-cu ildə Gürcüstanda, daha sonra Litvada qeyri-insani aksiyalar həyata keçirilmişdir.
Qeyd edək ki, Azərbaycanda 20 Yanvar hadisələri Azərbaycan xalqının yaddaşında kədərli bir səhifə kimi qalmaqla bərabər, həm də növbəti, 1991-ci ildə respublikamızın müstəqilliyini elan etməsinə təkan vermişdir. Qara Yanvar günlərindən iyirmi üç il keçməsinə baxmayaraq, hər il yüz minlərlə azərbaycanlı və Azərbaycanın dostları Bakı şəhərindəki Şəhidlər Xiyabanını ziyarətə gəlir, Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini ehtiramla yad edirlər. Eyni zamanda, dünyanın digər ölkələrində yaşayan soydaşlarımız da anma mərasiminə qoşulurlar.
Tədbirin sonunda tədbir iştirakçılarına akademik Ramiz Mehdiyevin TDSDF tərəfindən Bişkekdə qırğız və rus dillərində nəşr olunmuş “Azərbaycanlılara qarşı soyqırım gerçəkliyi” kitabı paylanacaqdır.
Azərbaycanın Qırğızstandakı səfirliyi, Qırğız Türk Manas Universiteti və Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu fevralın 26-da Xocalı soyqırımı ilə bağlı birgə tədbirin də keçirilməsini planlaşdırmışlar. Həmin tədirdə Vahid Mustafayevin “Xoca” filminin təqdimatı da nəzərdə tutulur.