Milli.Az BBC-yə istinadən bildirir ki, ABŞ-ın Los-Anceles şəhərində Amerika Kino Akademiyası "Oskar" mükafatına nominantların siyahısını açıqlayıb.
19.30
Kinorejissor Stiven Spilberqin "Linkoln" filmi 12 nominasiyada, Enq Linin "Pinin həyatı" filmi isə 11 nominasiyada mükafata iddialıdır.
"Ən yaxşı film" nominasiyasında Mixael Hanekenin "Məhəbbət", Ben Afflekin "Arqo əməliyyatı", Tom Huperin "Səfillər",Kventin Tarantinonun "Azad edilmiş Canqo", Devid O.Rasselin "Mənim oğlanım dəlidir", Ketrin Biqelounun "Bir nömrəli hədəf" və Ben Zaytlinin "Vəhşi cənubun heyvanları" filmləri var.
"Ən yaxşı rejissor" nominasiyasında Haneke, Zaytlin, Li, Spilberq və Rassel rəqibdirlər.
"Ən yaxşı qadın aktyor" nominasiyasında Cessika Çesteyn ("Bir nömrəli hədəf"), Kvenjane Uollis ("Vəhşi cənubun heyvanları"), Naomi Uots ("Mümkünsüz"), Cennifer Lourens ("Mənim oğlanım dəlidir") və Emmanuel Riva ("Məhəbbət") var.
9 yaşlı Uollis bu nominasiyada adı çəkilən ən gənc aktrisadır.
"Ən yaxşı kişi aktyor"nominasiyada Bredli Kuper ("Mənim oğlanım dəlidir"), Deniel Dey-Lüis ("Linkoln), Hyu Cekman("Səfillər"), Hoakin Feniks ("Usta") və Denzel Vaşinqton ("Heyət") rəqiblərdir.
"İkinci planda ən yaxşı kişi rolu" nominasiyasında Kristof Vals ("Azad edilmiş Canqo"), Robert de Niro ("Mənim oğlanım dəlidir"), Alan Arkin ("Arqo əməliyyatı"), Tommi Li Cons ("Linkoln") və Filipp Seymur Hoffman ("Usta") mübarizə aparacaqlar.
"İkinci planda ən yaxşı qadın rolu" nominasiyasında Salli Fild ("Linkoln"), Enn Heteuey ("Səfillər"), Helen Hant ("Surroqat"),Ceki Uiver ("Mənim oğlanım dəlidir") və Emi Adams ("Usta") iddialıdırlar.
Amerika Kino Akademiyasının ali mükafatı olan "Oskar"ın 85-ci təqdimat mərasimi fevralın 24-də Los-Anceles şəhərində keçiriləcək.
Mərasimin aparıcısı "Qriffinlər" animasiya serialının yaradıcısı Set Makferleyndir.
---------
15.00
Amerika kino sənəti akademiyası "Oskar" mükafatının nominantlarını bu gün elan edəcək.
Milli.Az xəbər verir ki, bu barədə mükafatın rəsmi saytı məlumat yayıb. Nominantlar yerli vaxtla saat 05:30-da, Bakı vaxtı ilə saat 17:30-da elan olunacaqlar.
Nominantların elan olunması mərasimini aktrisa Emma Stuon və rejissor Set Makfarleyn aparacaqlar.
Bu il kino akademiyası mükafatlanma üçün İnternet səsverməsinə də icazə verib. "Oskar"ların taleyini akademiyanın 6 min nəfərdən çox üzvü müəyyən edib.