Bu gün Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığma komandası Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnirdə son qrup oyununa çıxacaq. Arif Əsədovun baş məşqçisi olduğu yığmamız Ukrayna millisi ilə üzləşəcək.
Hər 2 yığma 4 xalla qrupda şərikli liderdir. Sadəcə, ukraynalılar topların daha yaxşı fərqinə görə yığmamızı qabaqlayır. Bu isə o deməkdir ki, Əsədovun komandasına qrupdan 1-ci yerlə çıxıb mükafatlar uğrunda mübarizə aparmaq üçün yalnız qələbə sərf edir.
Özü də qrupumuzda sonda elə vəziyyət yarana bilər ki, 3 yığmanın eyni xalı olsun. Bu, 2 xalı olan Çexiya autsayder Litvaya qalib gələcəyi, Azərbaycanla Ukraynanın heç-heçə edəcəyi halda gerçəkləşəcək. Bu zaman qrup sıralamasını topların daha yaxşı fərqi müəyyənləşdirəcək.