Dahi alman şairi İoann Volfqanq fon Hötenin (Johann Wolfgang von Goethe) soykökünün səlib yürüşləri zamanı əsir alınaraq Almaniyaya aparılmış bir səlcuq əsgərdən gəldiyi iddia olunur.
DHA-ya istinadən bildirir ki, məşhur türk tarixçi-yazar, professor Arif Arslanın yeni "İslam/Goethe" kitabında belə iddia yer alıb.
Kitabda yazılır ki, Fələstində xristian ordularının son dayaq nöqtəsi olan Akka qalası da 1291-ci ildə müsəlman tərəfindən azad ediləndən sonra səlibçi cəngavərlər geri çəkilmək məcburiyyətində qaldılar.
Alman cəngavərlər isə vətənlərinə qayıtdılar. Həmin cəngavərlər arasında qraf Lechmotir von Wrüttemberg Suriyadakı döyüşlərdən birində Mehmet Sadik Səlim adlı səlcuq türk əsgəri əsir almışdı.
Qraf türk əsirini də özü ilə Almaniyaya aparıb.
Cərrah, həkim, memar olan Səlim həm də latın və ərəb dillərini səlis bilirdi. Az sonra o, Almaniyanın Baden-Vürtemberq şəhərində cəngavər titulu alır, zadəgan olur.
Qraf fon Vürtemberqin köməkçisi olan türk Səlim dövlət işini əla bildiyi üçün ona almanlar "Səlim Sultan" deyirdilər.
Səlim Sultanın Vürtemberqdə üç oğlu dünyaya gəlir, vəfat edəndə isə Brackenheim kilsəsinin həyətində dəfn edilir, məzarının üstündə türbə inşa olunur.
Kilsədəki qeydiyyat kitabları və məzarların sinədaşlarındakı yazılar da Hötenin soykökünün Səlimin ailəsindən olduğuna dəlalət edir.
Daha konkret olsaq, dahi alman şairinin ulu babası türk Səlimin nəvəsi Filip Sultandır.
Filip Sultanın şəcərəsində sonrakı adlar Yohann Sultan ilə Henrix Sultandır.
Bu şəxslər Hessen bölgəsindəki Franckenberg şəhərində yaşayıblar.
Henrix Sultan almanların xırda pulu olan pfenninqin banisidir.
Onun qızı Anna Sultan dahi alman şairi Hötenin nənəsidir.
Əsrlər keçib və Sultan ailəsinin soyadı "Soldan"a çevrilib.
Orta əsrlərdəki İntibah dönəmi, sonra isə protestantlıq məzhəbinin yayıldığı dönəmlərdə Baden Wüttemberg bölgəsinin ən nüfuzlu ailələrindən birinə çevrilən Soldanların türk əsilli olmalarını alman tarixçilər də etiraf edirlər.
"Məhəmmədin nəğməsi" (Mohamets Gesang) adlı şeirində Hz.Məhəmmədə (s.ə.s.) heyran olduğunu yazan Höte məktublarında da dəfələrdə bildirmişdi ki, namaz qılır.
"Şərq-Qərb" şeirlər torplusunda isə o, müsəlmanlığı qəbul etməsi barədə iddialara "Hər şey ola bilər bu dünyada" sözləri ilə cavab vermişdi.