Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) rəsmi internet saytında "Kurtlar Vadisi" serialının baş qəhrəmanı Polat Aləmdar obrazı ilə bağlı suala cavab verib.
DHA bildirir ki, saytın "Maraq edilənlər" bölməsindəki suallardan biri belə idi: "Yerli serial və filmlərdə yaradılan kəşfiyyatçı, ya da əks-kəşfiyyatçı obrazları MİT əməkdaşlarının real fəaliyyətinə nə qədər uyğundur?"
MİT-in mətbuat xidməti həmin bölmədə suallara yazılı, habelə videogörüntülərlə cavab verir.
"Kurtlar Vadisi" və Polat Aləmdarla bağlı suala isə belə cavab verilib: "Milli İstihbarat Təşkilatının əməkdaşları dövlət məmurlarıdır və onlar "Dövlət istihbarat xidmətləri və Milli İstihbarat Təşkilatı haqqında" 2937 saylı qanunun şərtlərinə uyğun olaraq fəaliyyət göstərirlər. Serial və filmlərin ssenari müəllifləri isə məhsullarını daha yaxşı satmaq, populyarlaşdırmaq üçün təbii ki, reallıqdan çox artıq səviyyədə həyəcan və cazibədarlığı seçirlər.
Serial və filmlərdə bu minvalla yaradılan obrazlar, oynanan rolları da rejissorlar daha maraqlı, cazibədar etmək üçün gerçəklikdən çox uzaq hadisələrdən bəhs edirlər. Tamaşaçılar belə serial və filmlərin sırf ticari, maliyyə və gəlir məqamlarını da unutmamalıdırlar".