2013-cü il mayın 29–dan iyunun 1-dək Bakıda İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkdir.
Mədəniyyət və Turizm Nazirliyindən AzərTAc-a bildirmişlər ki, forumla bağlı artıq hazırlıq işlərinə başlanılmışdır. İkinci Bakı Forumu “Dünyanın gələcəyini necə quraq” devizi altında keçiriləcək və ali qonaqların iştirakı ilə ilk plenar sessiya bu mövzuda aparılacaqdır.
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və bilavasitə təşkilatçılığı ilə 2011-ci ilin aprelində Bakıda reallaşan ilk Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və İSESCO kimi nüfuzlu qurumların dəstəklədikləri və dünyada bu istiqamətdə reallaşan ilk mötəbər tədbir olmuşdur. Foruma 102 dövlətin və 10-dan artıq beynəlxalq təşkilatın nümayəndələri qatılmışlar.