CNN telekanalının verdiyi məlumata görə, Prezident Barak Obama bazar ertəsi yeni administrasiyada ABŞ müdafiə naziri vəzifəsinə namizəd irəli sürəcəkdir. Obama administrasiyasındakı rəsmi şəxslər bildirmişlər ki, həmin namizəd Nebraska ştatından keçmiş senator Çak Heygeldir.
Xatırladaq ki, Pentaqonun başçısı ABŞ Prezidenti tərəfindən Senatın razılığı ilə təyin edilir və administrasiya kabinetinin, habelə Milli Təhlükəsizlik Şurasının üzvü olur.
1997-2009-cu illərdə Respublikaçılar Partiyasından senator seçilmiş Çak Heygel Nebraska ştatını ABŞ parlamentinin yuxarı palatasında təmsil etmişdir.
Vyetnamda alay komandiri kimi döyüşmüş Heygel iki dəfə “Qızıl ürək” medalına layiq görülmüşdür. Hazırda Corctaun universitetinin Edmund A.Uolş adına diplomatik xidmət məktəbində dərs deyən Çak Heygel Atlantika Şurasının sədri və Prezident yanında Məşvərət Şurasının Kəşfiyyat Məsələləri üzrə həmsədridir.
Gözlənildiyinə görə, Prezident Pentaqonun başçısı vəzifəsinə namizəd irəli sürərkən həm də Mərkəzi Kəşfiyyat idarəsinin (MKİ) direktoru vəzifəsinə namizədin adını elan edəcəkdir. Amerika KİV-lərində yayılmış qeyri-rəsmi məlumata görə, bu siyahıda iki namizəd var. Onlardan biri terrorizmə qarşı mübarizə və milli təhlükəsizlik məsələləri üzrə müşavir Con Brenan, ikincisi isə hazırda MKİ direktoru vəzifəsini icra edən Maykl Moreldir. Xatırladaq ki, keçən ilin noyabr ayında general Devid Petreu qalmaqallı şəkildə istefaya gedəndən sonra agentliyə müvəqqəti rəhbərlik etmək Maykl Morelə tapşırılmışdır.