Sahibkarlığa Kömək Milli Fondu Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Biləsuvar rayonunda yerləşən qəsəbələrdə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.
ERtv.Az-ın İqtisadi İnkişaf Nazirliyinə istinadən verdiyi xəbərə görə, sahibkarlıq subyektlərindən kiçik həcmli cins heyvandarlıq təsərrüfatlarının, tikiş və eləcə də çörək və şirniyyat istehsalı sexinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflər qəbul olunur.
Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.