Millət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Qənirə Paşayeva parlamentdə Gürcüstan vətəndaşı olan soydaşlarımızın miqrasiya ilə bağlı üzləşdiyi problemlərin həllinə köməklik göstərilməsinin vacibliyindən danışıb.
ERtv.Az xəbər verir ki, Q.Paşayeva Gürcüstan vətəndaşı olan soydaşlarımızın miqrasiya ilə bağlı ortaya çıxan çətinlikləri, problemləri, narahatlıqları, bu istiqamətdə yaranan narazılıq və onların səsləndirdiyi təkliflərdən danışıb:
“Mən həmkarım Fazil Mustafanın bu istiqamətdə səsləndirdiyi fikirləri də dəstəkləyərək demək istəyirəm ki, bu istiqamətdə Gürcüstan vətəndaşı olan soydaşlarımızın üzləşdiyi problemlər, çətinliklər, narahatlıq və narazılıqların qısa zamanda həll olunması çox vacib məsələdir.
Gürcüstan azərbaycanlıları olan soydaşlarımız dəfələrlə mənə müraciət ediblər və ortaya çıxan problemin həlli istiqamətində dəstək göstərilməsini istəyirlər. Son zamanlar bu müraciətlər getdikcə artır. Bu məsələdə soydaşlarımıza kömək etməliyik, dəstək göstərməliyik. Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri kimi bir neçə dəfə Dövlət Miqrasiya Xidməti rəsmiləri ilə də Gürcüstan əsilli soydaşlarımızın bu istiqamətdə narahatlıqlarının, problemlərinin, üzləşdikləri çətinliklərin həll olunmasının vacibliyini müzakirə etmişik.
Gürcüstanda yaşayan soydaşlarımız istəyirlər ki, qanun tətbiq olunan zaman onlara müəyyən güzəştlər olunsun. Gürcüstandan gələnlər bizim soydaşlarımızdır və Gürcüstanda yaşayan soydaşlarımıza bu istiqamətdə nə qədər mümkündür kömək etməliyik. Mən bu istiqamətdə aidiyyəti qurumlardan və hökumət üzvlərindən səylərin artırılmasını xahiş və təklif edirəm. Bu məsələnin qısa zamanda öz həllini tapması olduqca vacibdir və mən ümid edirəm ki, soydaşlarımızın bu istiqamətdə səsləndirdiyi bəzi təkliflər öz həllini tapa biləcək” .