Bu gün “Yeni Həyat” şirkəti Avropanın ən böyük qapalı ailəvi əyləncə və istirahət mərkəzi olan “Megafun”un qapılarını ilk dəfə uşaq evlərindən olan kiçik ziyarətçilər üçün açıb.
ERtv.Az xəbər verir ki, bir neçə saat ərzində uşaqlar əsl nağıllar aləminə qərq olaraq dünyanın ən müasir oyun aparatları və atraksionlarını sınaqdan keçirdilər.
“Megafun” əyləncə mərkəzi Bakının tam mərkəzində Nobel prospekti 15 ünvanında yerləşən “Azure” (Azur) əyləncə və alış-veriş mərkəzinin bir hissəsidir.
Burada “Megafun” ilə birlikdə mağazalar və restoranlar cəmləşib. “Megafun” 18000m2 ərazini əhatə edən möhtəşəm əyləncə mərkəzidir.
Burada kiçikdən böyüyə bütün ailə üzvlərinə xitab edən 200-dən çox oyun aparatı, atraksion, simulator, təbii buz meydançası, qorxu tuneli və bir çox digər əyləncə vasitələri var. Mərkəzin böyük ərazisi müxtəlif oyunlardan ibarət coğrafi zonalara bölünür.
“Tokio”, “London”, “Berlin”, “Venesiya”, “Paris” adlandırılan bu zonalarda müxtəlif attraksionlar, karusellər və əyləncə aparatları qurulub.
“Megafun”da həmçinin 3D, 4D, 5D və 6D kinozalları da mövcuddur. Yaxın zamanlarda isə “Megafun”da 350 yerlik 5 və 125 yerlik 2 ən son standartlara cavab verən kinoteatr fəaliyyətə başlayacaq.
Dekabrın 24-dən isə şəhər sakinləri və qonaqları üçün istifadəyə veriləcək.