TANAP layihəsi üzrə hökumətlərarası saziş Türkiyə ilə Azərbaycan arasında bu ilin iyun ayının 26-da imzalanıb və hər iki ölkənin daxili prosedurları yerinə yetiriləndən sonra qüvvəyə minəcək.
ERtv.Az xəbər verir ki, bunu İstanbulda Beynəlxalq Xəzər Forumunda çıxış edən Türkiyənin xarici işlər nazirinin müavini Naci Koru deyib.
O qeyd edib ki, 2017-ci ildən başlayaraq, TANAP ilk növbədə qazı “Şahdəniz” yatağından Avropaya nəql edəcək.
“Gələcəkdə həmçinin qazın Azərbaycanın digər yataqlarından, hətta mümkün olsa, Türkmənistandan tədarük olunması da planlaşdırır.
Türkiyə uzun müddət ərzində təbii qazın Xəzər dənizi vasitəsilə Türkmənistandan Azərbaycana və Türkiyəyə nəql edilməsi layihəsi ideyasını dəstəkləyib.
İnanırıq ki, sözügedən layihə nəinki bölgənin inkişafına öz töhfəsini verəcək, həm də Türkmənistanın təbii qazının satışı və tədarükü üçün alternativ yolu təmin etmiş olacaq.
Sözümün yekunu kimi, Türkiyənin sülhə və dialoqa olan bağlılığını, eləcə də Xəzər bölgəsində əməkdaşlığı dəstəklədiyini təsdiqləmək istərdim”.