Daşınmaz əmlakın qeydiyyatı prosesinin sadələşdirilməsi sahəsində tədbirlər çərçivəsində dövlət rüsumları və xidmət haqlarını istənilən ödəmə məntəqəsində aparmaq imkanı yaradılacaq.
ERtv.Az-ın Əmlak Məsələləri Dövlət Komitəsinə istinadən verdiyi məlumata görə, bu ödənişlər avtomatik olaraq Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemində aidiyyəti üzrə vətəndaşdan qəbul olunmuş ərizənin qarşısında görünəcək.
Bu məqsədlə Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemi ilə ödənişlərin aparıldığı bank arasında əlaqənin yaradılması nəzərdə tutulur.
Qeydiyyat sahəsində digər yeniliklər təşkilati tədbirlərə aiddir. Belə ki, tədbirlərə əsasən xidmətin əhatə dairəsinin genişləndirilməsi və geniş əhali kütlələri üçün əlçatanlığının artırılması nəzərdə tutulur.
Bu məqsədlə ilk olaraq, xidmətin ərazi idarələrinin strukturu təkmilləşdirilir, Bakı şəhər Ərazi İdarəsinin yeni filialları yaradılır.
Artıq Yasamal, Suraxanı, Nəsimi, Nizami və Səbail rayon qeydiyyat şöbələri yaradılıb.
Bu filiallar bina, avadanlıq və texniki vasitələrlə, kommunikasiya şəbəkələri ilə təmin edilib.
Bundan başqa, ərazi idarəsi və ya rayon şöbəsinin yerləşmədiyi böyük yaşayış məntəqələrində ərazi qeydiyyat idarələrinin sənəd qəbulu məntəqələrinin yaradılması, onların bina, avadanlıq və texniki vasitələrlə, kommunikasiya şəbəkələri ilə təmin edilməsi nəzərdə tutulur.