Milli Məclisdə Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il üçün büdcəsi müzakirə edilib.
Ertv.Az xəbər verir ki, fondun sədri Səlim Müslümov fondun 2013-cü il üçün nəzərdə tutulan büdcə layihəsi barədə məlumat verib.
O bildirib ki, gələn il 5,7 faiz inflyasiya proqnozlaşdırılır.
Fond sədri deyib ki, gələn il də kişilərin pensiyaya çıxma yaşı 63 yaş, qadınlar üçün 59 yaş götürülüb.
Məcburi sosial sığorta haqları sahəsində isə dəyişiklik yoxdur. İşə götürənlər üsün bu, 22 faiz, işləyənlər üçün isə 3 faizdir. Gələn il 1 milyon 239 min nəfərin pensiya alacağı, bu sistemi 50 min nəfərin tərk edəcəyi proqnozlaşdırılır. Ailə başçısını itirməyə görə müavinətin həcmi gələn il 128 manat olacaq.
Səlim Müslümov qeyd edib ki, əmək qabiliyyəti və hamiləliyə görə müavinətin məbləğinin keçən illə müqayisədə 3 milyon manat azaldılmasına aydınlıq gətirib:
“Bu ilin 10 ayının statistikası göstərir ki, əmək qabiliyyətinin itirilməsi səviyyəsinin azaldır. Ona görə də gələn il üçün bu məbləğ azaldılıb. Bu da ölkədə səhiyyə xidmətlərinin səviyyəsinin yüksəlməsi, təhlüksizlik qaydalarına riayət olunması ilə bağlıdır”.
DSMF sədri gələn il dəfn xərcləri üçün 20 milyon manat ayrıldığını nəzərə çatdırıb.
Onun sözlərinə görə, sanatoriya-kurort xərcləri keçən illə müqayisədə artırılıb və 17 milyon manata çatdırılıb.
Səlim Müslümov vurğulayıb ki, DSMF-in gəlirlərindəki artımda məcburi dövlət sığorta haqlarının yığılması hesabına artım əsas yer tutur, gələn il məcburi dövlət sığorta haqların 134 milyon manat artım olacaq:
“Gələn il pensiyalar 9,1 faiz arataraq 163 manata çatacaq. İlk dəfə pensyia məbləği 200 dolların üzərinə qalxacaq”.
Spiker Oqtay Əsədov isə DSMF sədrinə sual verib: “Yığımlardan yayınmaların qarşısını almaq üçün DSMF-in bankda hesabları bağlamaqdan başqa nə çıxış yolu var?”.
Səlim Müslümov deyib ki, Azərbaycanda məşğul əhalinin yalnız 31,7 faizi müqavilələr əsasında muzdla işləyənlərdir:
“Bütün bunlar onu göstərir ki, iqtisadiyyatda böyük iş yerlərinin açılmasına baxmayaraq, iş yerləri qeydiyyatdan izlədilir. Prezident də bu məsələni kəskin şəkildə qaldırdı. Əsas məsələ real əməkhaqlarının gizlədilməsidir.
Cədvəllərdə əməkhaqları real əməkhaqqlarından 2 dəfədən çox aşağı göstərilir. DSMF iqtisadiyyatın sahələrinə uyğun olaraq minimum əməkhaqqı müəyyənləşdirəccək, normalar müəyyənləşəcək. 0-90 faiz artımı proqnozlaşdırılır”.
Spiker bununla gizlədilən pulların pensiyaya yönəldilməsinə nail olunacağını bildirib. Səlim Müslümov da bunu təsdiqləyib.
Müzakirələrdə çıxış edən millət vəkili Zahid Oruc Azərbaycanda ilin 110 gününün bayram və istirahət günləri olduğunu, Azərbaycanın bu sahədə yalnız İrandan geri qaldığını söyləyib.
Zahid Oruc iqtisadi inkişafa nail olmağa çalışan bir ölkədə bu qədər istirahət günü olmasını məqbul saymayıb.
O, qadınlara doğuşa görə verilən birdəfəlik müavinət gülünc səviyyədə olduğunu bildirib:
“Qarabağın paytaxtı hazırda əhalinin təmərküzləşməsinə görə Bərdədədir, Bərdədə isə bankomat çatışmazlığı çox ciddi problemə çevrilib: Yaxşı olardı ki, DSMF bu məsələyə ciddi diqqət yetirsin”.
YAP icra katibinin müavini Mübariz Qurbanlı isə Zahid Orucun istirahət günləri ilə bağlı fikirləri ilə razılaşmayıb:
“Əsas odur ki, istehsal düzgün qurulsun. Elə ölkələr var ki, istirahət günlərinin sayı bizdən də çoxdur, amma istehsal prosesi düzgün qurulduğu üçün heç bir problem yaranmır. Ancaq uşaq pulları ilə bağlı iradı ilə razıyam. Bu pullar ya verilsin, ya da verilməsin”.
Millət vəkili Qənirə Paşayeva əmək fəaliyyətini yarımçq qoyub Qarabağ müharibəsində iştirak edənlərin üzləşdiyi problemlən çıxıb:
“O insanların 5 illik əmək fəaliyyəti olmayıb. Ən azı onların əlillik müavinətləri əmək pensiyalarının məbləğinə uyğunlaşdırılsın”.
O, əmək haqlarının real səviyyəsinin gizlədilməsinin gələcəkdə problemlərə yol açacağını söyləyib:
“Bu məsələyə nəzarət edən qurumlar nə işlə məşğuldurlar? Niyə bu məsələyə ciddi nəzarət yoxdur, hansı böyük şirkətlərin buna görə ağır cəza aldığını niyə mətbuat səhifələrinlə görmürük?!”.
Millət vəkili Əli Mənsimli əməyin ödənilməsinin 15 faiz olduğu üçn pensiyaların 160 manatı keçmədiyini söyləyib:
“Əməyin ödənilməsi 30 faizə qaldırılarsa, biz pensiya məbləğini iki dəfəyə qədər artıra bilərik”.
O, Azərbaycan torpaqlarının müdafiəsi uğrunda döyüşlərdə əlil olanlara çox cüzi müavinət verilməsindən də şikayətlənib:
“Gələn il üçün yaşayış minimumu116 manat, ehtiyac meyarı isə 93 manat müəyyənləşib. Heç olmasa döyüşlərdə sağlamlığını itirənlərin müavinətləri yaşayış minimumu ilə uyğunlaşdırılsın”.
Millət vəkili Azay Quliyev mülki aviasiya işçiləri arasında pensiya təminatı baxımından fərqli olduğunu söyləyib:
“Yəqin ki, AZAL-da işləyənlər həmkarlarıma da şikayət ediblər. Vitse-spiker Ziyafət Əsgərov da o insanlar bizə şikayət edəndə təyyarədə idi.
Söhbət pilotlarla kabinə əməkdaşlarının əməkhaqqları arasındakı fərqlərdən gedir”.
O, millət vəkili seçildiyi Şirvan şəhərinin iki qəsəbəsində bankomat olmadığını qeyd edib:
“7 ildir ki, mən bu məsələni qaldırıram, hələ də həllini tapmayıb”.
Azay Quliyev faktiki məşğul əhali ilə qeydiyyatda düşən məşğul əhali arasında fərqə də toxunub:
“Burada ikili mühasibatlıqdan da danışıldı. Bunun bir səbəbi odur ki, məcburi sosial sığorta və gəlir vergisi nəticəsində əməkhaqqın fondundan 43 faiz ödəmə olmalıdır.
Bu, kifayət qədər yüksək rəqəmdir, ona görə də real əməkhaqqını gizlətməyə maraq göstərirlər.
Bəlkə bu faiz göstəriciləri bir qədər aşağı salınsın ki, ikili mühasibatlıq, qeydiyyatdan yayınma probleminin aradan qaldırılması asanlaşsın?”