Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini İmişli rayonunun Bəhramtəpə qəsəbəsində keçirib.
ERtv.Az-ın İqtisadi İnkişaf Nazirliyinə istinadən verdiyi xəbərə görə, tədbirdə 150-ə yaxın sahibkar iştirak edib.
“Sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbiri çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə İmişli və ətraf rayonlarda fəaliyyət göstərən 51 sahibkarlıq subyektinə 508 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, kənd təsərrüfatı məhsullarının istehsalına yönəldiləcək. Bu kreditlər hesabına 90-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev tədbirdə çıxışında bildirib ki, 2012-ci ilin ötən dövründə fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 2161 investisiya layihəsinin maliyyələşdirilməsinə 196,5 milyon manatdan çox güzəştli kredit verilib. Bu kreditlər hesabına 8200-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Onun sözlərinə görə, bu ilin ötən dövrü ərzində Aran iqtisadi rayonunda 925 sahibkara 62,8 milyon manat güzəştli kredit verilib.
“Ümumilikdə isə, indiyədək 5000-dən çox sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 246 milyon manatadək, o cümlədən son illər yeni texnologiyaların tətbiqinə əsaslanan 66 layihənin maliyyələşdirilməsinə 142,4 milyon manat güzəştli kredit verilib”.
O, bildirib ki, bu müəssisələrdən 44-ü istifadəyə verilib, qalan 22 müəssisədə isə tikinti-quraşdırma işləri aparılır.